İctimai nəqliyyat tələbələr üçün yarı qiymətə olur? — AÇIQLAMA

GÜNDƏM 25 sentyabr 2025, 15:18
“Bugünkü şəraitdə tələbələr və azyaşlılar üçün gediş haqqının 25 qəpik müəyyən edilməsi sosial baxımdan cəlbedici görünsə də, iqtisadi tərəfdən müəyyən çətinliklər yaradır”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında deyib.  

Ekspert əlavə edib ki, hazırda ictimai nəqliyyatın maya dəyəri yanacaq, sürücü maaşları, texniki xidmət və digər xərclərlə birlikdə daha yüksəkdir:

“25 qəpik bu xərclərin çox kiçik hissəsini qarşılaya bilər. Əgər belə tarif tətbiq olunarsa, dövlətin subsidiyası mütləq olmalıdır. Yəni, hökumət daşıyıcılara fərqi ödəməlidir ki, xidmətin keyfiyyəti aşağı düşməsin. Əks halda, avtobusların sayı azalacaq, metroda təmir və yenilənmə prosesləri ləngiyəcək. Sosial siyasət baxımından tələbələrə və uşaqlara güzəştli qiymət müsbət addımdır. Bu, həm ailələrin yükünü azaldır, həm də təhsilin əlçatanlığını artırır. Amma iqtisadi reallıqlar nəzərə alınmasa, nəqliyyat sektorunda problemlər dərinləşə bilər. İnflyasiya fonunda nəqliyyat xərclərinin davamlı artması da mühüm faktordur. Bu gün 25 qəpik ümumi gediş haqqı kimi mümkün deyil. Amma yalnız güzəştli qruplara tətbiqi dövlət dəstəyi ilə həyata keçirilə bilər. Əgər dövlət büdcəsi buna resurs ayırarsa, qərar həm sosial ədaləti təmin edər, həm də gənclərin inkişafına xidmət edər. Tələbələr və azyaşlılar üçün 25 qəpik tarif sosial siyasət baxımından realdır. Amma ümumi sərnişinlər üçün bu, iqtisadi cəhətdən qeyri-mümkündür”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top