Əmək haqqları deyil, sosial yardımlar arta bilər — AÇIQLAMA

SOSİAL 24 sentyabr 2025, 16:03
“2025-ci ildə minimum əmək haqqının 400 manata qaldırılması hökumətin sosial siyasətində mühüm addım kimi yadda qaldı. Bu artım əhalinin alıcılıq qabiliyyətini qismən də olsa gücləndirsə də, inflyasiya fonunda real gəlirlərdə nəzərəçarpacaq dəyişiklik yaratmaya bilər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı deyib.

O qeyd edib ki, minimum əmək haqqının dəyişməsi yalnız dövlət başçısının sərəncamı ilə mümkündür:

“Bu da avtomatik proses deyil. Maaşların növbəti ildən yenidən artırılması daha çox iqtisadi və fiskal imkanlardan asılı olacaq. Deputat sosial yardımların yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı olduğunu xüsusi vurğuladı. Bu isə aztəminatlı ailələr üçün daha real artım perspektivi deməkdir. 

Əgər bu meyarlar 2026-cı ildən etibarən yüksəlsə, sosial yardım məbləğlərində də artımlar müşahidə olunacaq. Beləliklə, sosial dəstək alan vətəndaşlar maaş artımı olmasa belə, əlavə gəlir əldə edəcəklər. 

Özəl sektorda əmək haqqı artımı dövlət tərəfindən tənzimlənmir, bu səbəbdən sahibkarların öz qərarları həlledici olacaq. Amma minimum əmək haqqının artması özəl şirkətlərə də dolayı təsir göstərir. Çünki bazarda yeni əmək standartları formalaşır. Növbəti ildən geniş miqyaslı maaş artımı olmasa da, sosial müdafiə sahəsində müəyyən genişlənmə baş verəcək. 

Hökumətin prioriteti hazırda aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirməkdir. Bu baxımdan, yaxın perspektivdə minimum əmək haqqının deyil, məhz sosial yardımların artması daha real görünür”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top