Ekspert: "Döyülən işçi hüquq-mühafizə orqanlarına müraciət etməli idi"

GÜNDƏM 23 sentyabr 2025, 20:36
“Məktəblərdə bəzən şagirdlərə, eləcə də müəllimlərə qarşı zorakılıq halları baş verir. Bu hadisələrə hər dəfə fərdi yanaşmaq vacibdir. Məsələn, bir valideynin müəllimə qarşı zorakılıq etməsi milyonlarla valideynin hamısına şamil edilə bilməz. Eyni ilə, on minlərlə direktor müavinindən birinin etdiyi hərəkət bütün sistemin göstəricisi deyil".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. 

"Lənkəranda baş verən hadisə cinayət xarakterlidir. Videoda vəzifə səlahiyyətlərini aşma, sui-istifadə və müdafiəsiz şəxsə qarşı fiziki güc tətbiqi görünür. Bu, Cinayət Məcəlləsinin bir neçə maddəsinə uyğun qiymətləndirilməlidir. Şagirdin valideyni və döyülən işçi hüquq-mühafizə orqanlarına müraciət etməli, məsələ hüquqi müstəvidə araşdırılmalı idi".

O bildirib ki, eyni zamanda məktəb direktoru araşdırma aparmalı, təhsil idarəetmə orqanına məlumat verməli, müavin isə Əmək Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq müvəqqəti vəzifədən kənarlaşdırılmalı idi:

"Hadisə təsdiqləndikdən sonra isə 72-ci maddəyə əsasən əmək müqaviləsinə xitam verilməliydi.
Bu günə qədər tədbir görülməyibsə, məsuliyyət yalnız zorakılıq edən müavinin deyil, həm də məktəb direktorunun və regional təhsil idarəsinin üzərinə düşür".


Qeyd edək ki, Lənkəranda məktəblərdən birində direktor müavini şagirdə və şagirdi qorumağa çalışan təmizlik işçisinə şiddət göstərib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 sentyabr 2025, 19:30
Top