"Azərbaycanda insanlar evlərində su filtri quraşdırmaq məcburiyyətində qalır" — AÇIQLAMA

SOSİAL 03 sentyabr 2025, 19:35
"Şirin su ehtiyatları bütün dünyada çox azdır. Dünya su ehtiyatlarının yalnız 2,5%-i şirin sudur. Qalanı isə okeanlar, dənizlər və digər duzlu sulardır. Buna görə də şirin su ehtiyatları hər yerdə qənaətlə istifadə olunur. Dünyanın 70%-i su ilə örtülü olsa da, bunun yalnız 2,5%-i şirin sudur. Bu ehtiyatlar əsasən göllər, çaylar və yeraltı sulardan ibarətdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.

O bildirib ki, Azərbaycan isə Cənubi Qafqazda şirin su ehtiyatlarına görə ən az göstəriciyə malik ölkələrdən biridir:

"Sovet dövründəki hesablamalara əsasən, Azərbaycanda ümumilikdə 30 milyard kubmetr su ehtiyatı mövcuddur və bu da qonşu ölkələrlə müqayisədə azdır. Xüsusilə Gürcüstan bu baxımdan daha zəngindir və Cənubi Qafqaz su ehtiyatlarının təxminən 89%-i oradadır.

Azərbaycanda su ehtiyatları əsasən Kür və Araz çayları, həmçinin digər kiçik çaylar vasitəsilə formalaşır. Təxminən 800 min hektar torpağın suvarılması üçün istifadə olunan suyun 20-25%-i itkiyə gedir. Sovet dövründə Kür çayı üzərində iri suvarma sistemi qurulduğu üçün bütün infrastruktur kənd təsərrüfatına yönəlmişdi. Lakin müstəqillik dövründə bu infrastruktur köhnəlib. Borular, kanallar və digər qurğular dəfələrlə təmir olunsa da, su itkiləri həddindən artıq çoxdur".

Ekspert deyib ki, rəsmi məlumatlara görə, yalnız suvarmada itki 50%-ə yaxındır:

"Xüsusilə torpaq kanallar vasitəsilə suvarma aparıldıqda bu daha da artır. Ənənəvi suvarma üsullarının geniş tətbiqi də əlavə itkilərə səbəb olur. Ümumilikdə isə su təchizatında 37%-ə qədər itki qeydə alınır. Bu, əsasən köhnəlmiş boru xətləri, su anbarlarının vəziyyəti və sızmalarla bağlıdır.

Bundan başqa, gündəlik həyatda da su israf olunur. Məsələn, maşın yuyulmasında və digər məqsədlərdə sudan qənaətsiz istifadə edilir. Halbuki həmin sahələrdə təkrar istifadəyə yararlı sular tətbiq edilə bilərdi".

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının normativlərinə görə, əhaliyə çatdırılan içməli su tələblərə uyğun olmalıdır.:

"Azərbaycanda içməli su təmizlənsə də, sonradan köhnə boru xətləri və sızmalar nəticəsində suyun keyfiyyəti yenidən pisləşir. Bu səbəbdən əksər evlərdə filtr quraşdırılır və insanlar suyu həmin filtrlər vasitəsilə içirlər. Halbuki bəzi ölkələrdə, hətta qonşu Gürcüstanda belə, suyu birbaşa krandan içmək mümkündür.

Təəssüf ki, Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülsə də, tədbirlər çox ləng gedir".

Qeyd edək ki, Azərbaycam yeraltı şirin su ehtiyatlarının kəskin azaldığı açıqlanıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top