Rusiyadan Azərbaycana yeni təhdid: Hər şey bundan sonra başladı

GÜNDƏM 02 sentyabr 2025, 16:50
"Rusiyadan Azərbaycanın informasiya resurslarında hədəfə alınması yeni fakt deyil. Artıq biz xeyli müddətdir ki, bunun bir kampaniya şəkilində Azərbaycana qarşı aparıldığının şahidi oluruq. Sosial mediada Azərbaycanın həm bölgədə sülh, həm də Qərbə inteqrasiya yönümündə atdığı müstəqil addımların Rusiyanı qıcıqlandırdığını görürük".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. 

O bildirib ki, bu, bir daha təsdiq edir ki, Rusiya, ümumiyyətlə, Cənubi Qafqaz da daxil olmaqla bütün bölgələrdə özünə müttəfiq hesab etdiyi ölkələri vassal vəziyyətində görmək istəyir. Ancaq Rusiyanın vassal vəziyyətdə görmək istədiyi müttəfiqlər sərbəst və müstəqil siyasətə meyl edəndə bu cür hibrid formada Rusiyanın hədəfinə çevrilirlər.

Biz bu gün Azərbaycanın Rusiya informasiya vasitələrinin hədəfinə çevrilməsinin kökündə məhz ölkəmizin müstəqil siyasət aparmasını görürük. Xüsusilə də Azərbaycan dövlət başçısının müxtəlif tədbirlərdə çıxışları, dünya mediasına verdiyi müsahibələr və bu çıxışlarda ortaya qoyulan məsələlərin Rusiyanı qıcıqlandırdığı müşahidə olunur. Amma qıcıqlanmaq üçün heç bir əsas yoxdur. 

Xüsusilə də Azərbaycan Prezidentinin 20-ci əsrin əvvəllərində Azərbaycana qarşı aparılmış siyasətin əsl işğal siyasəti olduğunu vurğulamasında tarixi faktlara real yanaşma var".

Politoloq deyib ki, Azərbaycan Prezidentinin tarixi faktlara real yanaşmasının Rusiyada belə qıcıq doğurması ancaq Rusiya hakimiyyət orqanlarının içindəki komplekslərdən doğur:

"Rusiyanın əsl həqiqətləri bilmək istəməməyindən, tarixi-geosiyasi reallıqları qəbul etməməyindən doğur və nəhayət, Azərbaycanın bölgədə Rusiyadan fərqli olaraq yeni reallıqlar yaratmasından irəli gəlir.

Rusiyanın kütləvi informasiya vasitələrində Azərbaycana qarşı start verilmiş kampaniyanın gələcəyi yoxdur. Bu kampaniyanın bir neçə dalğada biz əvvəllər də şahidi olmuşuq və sonra Rusiyanın özü barışıq yolları axtarmağa məcbur olub. İkincisi, Azərbaycan üçün burada qəbahətli heç bir hərəkət yoxdur. Azərbaycan nə Rusiyanın maraqlarının əleyhinə, ziddinə hərəkət edib, nə də Rusiyanın siyasətini məhdudlaşdıran bir addım atıb. Azərbaycan bütün məsələlərdə özünün milli suveren və bölgədə təhlükəsizlik, davamlı inkişaf maraqlarından çıxış edib.

Belə şəraitdə Azərbaycanın və onun dövlət başçısının bəyanatlarının, atdığı addımların Rusiyada qıcıq doğurması həm əsassızdır, həm də bunun heç bir perspektivi yoxdur".

Qeyd edək ki, Kampaniya avqustun 27-də Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsi yayılandan dərhal sonra başlayıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 sentyabr 2025, 20:40
02 sentyabr 2025, 20:25
Top