Bu yenilik maliyyə sahəsində şəffaflığı artıracaq — Deputat

GÜNDƏM 25 avqust 2025, 13:56
Xəbər verdiyimiz kimi, İlham Əliyev Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin səmərəli idarə edilməsi məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır.

Bununla bağlı Demokrat.az-a danışan millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib ki, rəqəmsal dövlət maliyyəsinin əsas məqsədi bütövlükdə maliyyə sistemində şəffaflığın daha da gücləndirilməsinə nail olmaqdır:

"Nəzərə alsaq ki, şəffaflığın gücləndirilməsi iqtisadi siyasətdə əsas prioritetlərdəndir. O cümlədən büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı daha şəffaf elektron sistemin qurulmasıdır. Bu sistemin qurulması bir tərəfdən proseslərin daha da elektronlaşmasına, digər tərəfdən proseslərə elektron formada nəzarət edilməsinə, informasiyaların toplanmasına və daha asan işlənməsinə imkan yaradacaq. 

Bu baxımdan Prezident tərəfindən imzalanmış son sənəd birmənalı şəkildə dövlət maliyyəsində daha şəffaf, daha səmərəli mexanizmlərin, sistemlərin qurulmasına, informasiyalara əlçatanlığın artırılmasına, bununla da büdcə vəsaitlərinin şəffaf xərclənməsinə imkan yaradacaq. Büdcə vəsaitlərinin şəffaf xərclənməsi qənaət baxımından da vacibdir".

Cavidan Mirzəzadə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 avqust 2025, 14:03
Top