Müəllimlərlə bağlı verilən bu qərar narazılıq yaradıb — AÇIQLAMA

GÜNDƏM 14 avqust 2025, 16:52
“MİQ üzrə vakansiya seçiminə müraciət edən namizədlərin faktiki yaşayış yerinə uyğun olaraq yerləşdirilməsi barədə yenilik bir neçə gündür ki, ciddi müzakirəyə səbəb olub. Müzakirəyə qoşulanların böyük hissəsi — fərqi yoxdur, istər təhsil sahəsində olan şəxslər, istərsə də vətəndaşlar — haqlı olaraq bu dəyişiklikdən narazıdırlar”.

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. O bildirib ki, verilən bu qərarla özü də razı deyil:



“Bu qərar nəyə əsasən verilib? Qeydiyyatda olduğumuz ərazidəki məktəbə, yaxud digər ərazidəki məktəbə təyinatda niyə fərq olmalıdır ki? Şəhərimiz elə də böyük şəhər deyil, ölkəmiz də böyük ölkə deyil. Bizdə hətta bir şəhərdə yaşayan, digər şəhərdəki məktəbdə çalışa bilir. Belə olan halda bu qərar nəyə lazım idi? Tutaq ki, "x" bir ərazidə müəllimlər imtahanda zəif nəticə göstərdi, lakin qeydiyyat meyarına görə öz ərazilərindəki məktəblərdə işlə təmin olunacaqlar. Belə olan halda digər ərazilərdə yüksək nəticə göstərən müəllimlərin haqqına girmiş oluruq. Bu da bizim vətəndaşdır, qeyri-ərazidə yaşayan da. Kimin haqqıdırsa, o gəlsin işləsin.

Məsələn, mən Suraxanı rayonunda qeydiyyatdayamsa və MİQ imtahanında iştirak edirəmsə, niyə sırf Suraxanıda işləmək məcburiyyətindəyəm? Düzdür, iş yerinin yaxın olması hamı üçün müsbət haldır. Amma reallıq odur ki, bizdə vakant yerlər o qədər də çox deyil. Onsuz da 92–93 bal yığan müəllim belə bəzən iş tapa bilmir. Belə olan halda bu qərar nəyə lazım idi, müsbət cəhəti nədir, bilmirəm”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top