Bu Kosmetoloqlar HƏBS OLUNA BİLƏR…

SOSİAL 13 avqust 2025, 21:03

Son zamanlar kosmetoloji prosedurlar üçün istifadə olunan məhsulların bir çoxunun İrandan gətirilməsi haqqında məlumatlar yayılmışdır. Kosmetoloqların bəziləri artıq bu məsələdə diqqətli olmalıdırlar. Hətta “Star Kosmetoloji” Whatsapp qrupunda kosmetoloqlar tərəfindən saxta botoks məhsullarının satışı da həyata keçirilib.

 

 Ajans.az mövzunu aydınlaşdırmaq üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sorğu göndərib. 

Qurumdan sorğumuza cavab olaraq, bildirilib ki, ümumilikdə dərman vasitələrinin ölkəyə idxalı Səhiyyə Nazirliyinin icazəsi əsasında dərman vasitələrinin istehsalçıları və ya topdansatış əczaçılıq müəssisələri tərəfindən həyata keçirilir.

Həmçinin, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci bəndinə əsasən bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız icazə verən orqan tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra icazə verilir.

Ajans.az xəbər verir ki, dərman vasitələrinin ölkə ərazisinə idxalı yalnız topdansatış əczaçılıq fəaliyyəti üzrə lisenziyaya malik hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Eləcə də, “Botilinum toksini” tərkibli dərman vasitələri yalnız qanuna müvafiq qaydada dövlət qeydiyyatına alındıqdan sonra idxal oluna bilər.

“Hazırda ölkədə Dövlət Reyestrində Botoks ticari adlı 1, Botulinum toxin tərkibli 6 dərman vasitəsi mövcuddur.
2024-cü il və 2025-ci ilin yanvar-iyul ayları ərzində ölkə ərazisinə “Botilinum toksini” tərkibli 12546 qutu dərman vasitələri idxal edilib.”-deyə, qurumdan açıqlanıb. 

 

Xüsusi farmakoloji formada buraxılan tibb vasitələrinə gəldikdə isə, nəzərinizə çatdırırıq ki, 2024-cü  ildə 43 adda, 2025-ci ildə isə 428 adda tibbi vasitə - dolğu, göz damcısı, sprey, kremlər və s. dövlət qeydiyyatına alınıb.

Xüsusi olaraq, qeyd edilib ki, ölkəyə rəsmi yolla idxal edilən dərman və tibbi vasitələr Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin laboratoriyasında müvafiq qaydada yoxlanılır, yalnız bundan sonra idxalına icazə verilir.

Yoxlamalar zamanı qeyri-qanun yolla ölkəyə gətirilən botoks və dolğu vasitələrinin aşkarlandıqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında tədbirlər görülür.

İXM-in 221.1-ci maddəsində deyilir ki, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə, inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

İXM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.

Bu Məcəllənin 221.1-ci maddəsində “az miqdar” dedikdə, min manatadək olan məbləğ başa düşülür. Bu məbləğdən artıq hallarda isə SN tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilir və bu zaman Cinayət Məcəlləsinin 200-1.1-ci maddəsi ilə tədbirlər görülə bilər.

CM-in 200-1.1. maddəsində nəzərdə tutulmuş bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda törədildikdə, iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avqust 2025, 22:49
13 avqust 2025, 22:36
13 avqust 2025, 21:31
Top