Əli Kərimli niyə bu mərhələdə fəallaşıb? — FOTOLAR

GÜNDƏM 12 avqust 2025, 17:04

Rusiya ilə münasibətlərdə yaranmış gərginlik fonunda AXCP sədri Əli Kərimlinin müxtəlif xarici media oranlarında aktivləşməsi diqqət çəkib. Onun son bir ayda öz “Facebook” profilində müxtəlif sayt, qəzet və jurnallarda yayılan müsahibə və açıqlamalar haqda məlumat verməsi bir çox aspektlərdən Əli Kərimlinin xarici qüvvələrin əlində alət olması haqda şübhələri təsdiqləyir. Bu səbəbdən biz onun fəaliyyətində müşahidə etdiyimiz şübhəli məqamları incələmişik.

Bunlar aşağıdakı məqamlarda özünü göstərib:

1. Əli Kərimli niyə məhz bu mərhələdə fəallaşdı?

2. Səbatsız düşüncəsi ilə şərh etdiyi hadisələrdə o daha çox hansı qüvvələri müdafiə edib?

3. Əli Kərimli daha çox hansı media orqanlarını paylaşıb və o media orqanlarının Azərbaycana münasibəti necə olub?

4. Dünya media reytinqində çox aşağı yer tutan, lakin Ə.Kərimli tərəfindən “məşhur”, “tanınmış” damğası ilə təqdim edilən media orqanlarının arxasında hansı qüvvələr dayanır?

Əli Kərimli niyə məhz bu mərhələdə fəallaşdı?

Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı 6 iyul tarixində öz sədrinin qəfil fəallaşmasını izah edən şərh yazıb, (əslində yazının stili və “bəy tərifi”ndən statusun elə Əli Kərimli tərəfindən qələmə alındığı açıq görünür-red.) belə demək mümkünsə, qaş düzəltdiyi yerdə göz çıxardıb.

“Əli Kərimlinin xarici mediada çıxışları nədən artır və onun fikirlərinə maraq nə ilə bağlıdır?” başlıqlı məqalə-statusunda F.Qəhrəmanlının dar çərçivəli qənaətinə görə, Qərb media nəhəngləri Azərbaycanın daxili problemlərinə, demokratiyanın vəziyyətinə qiymət verərkən, bir qayda olaraq müxalifət lideri kimi Kərimlinin məqalə və müsahibələrinə yer verməklə, ölkəmizlə bağlı real vəziyyəti onun fikirləri əsasında auditoriyalarına təqdim edirlər. Bu qənaətin nə qədər dayaz və primitiv olduğunu şərh etməyə ehtiyac görmürük. Bu qənaət daha çox edilmiş səhvin, özü-özünü ifşanın malalanmasıdır.

F.Qəhrəmanlının yazısında bu hissə həqiqətin tam təhrif edilmiş formasıdır: “Əli Kərimli yalnız Azərbaycanın demokratiya problemlərinə görə deyil, həm də regional təhlükəsizlik məsələlərinə, mürəkkəb geosiyasi proseslərlə bağlı fikirlərinə görə də Gürcüstan, Ukrayna, Türkiyə, Belarus mediasının maraq dairəsindədir və bu prosesdə Əli bəyi Azərbaycan müxalifətinin lideri olmaqla bərabər, həm də öz problemlərini Qərb ictimai rəyinə daha yaxşı çatdırmaq istəyən adlarını çəkdiyimiz ölkələrin də qeyri rəsmi sözçüsünə çevirməkdədir”.

Əslində vəziyyət necədir və biz, Əli Kərimlinin vaxtilə Azərbaycanda yüksək vəzifə tutmuş, “Rusiyanın 5-ci kolonu” adlandırılan məmurlarının tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirən, bununla da Rusiyanın nüfuz agenti və gizli silahı olmasını göstərən hansı fikirlərindən şübhələnirik?

“Milli təhlükəsizlik” üzrə ixtisaslaşmış mütəxəssislərin qənaətlərinə görə, bir ölkənin daxilində vəziyyəti gərginləşdirməkdə maraqlı olan xarici dövlətlər adətən daxildəki “zəif həlqəni” tapır və bununla da gizli silahı işə salırlar.  Bunu anlamaq üçün yaxın keçmişə nəzər salmaq, son 15 ildə baş verənlərin analizinə baxmaq kifayətdir. Belə ki, Azərbaycanın yaxın qonşularla münasibətləri normal olduğu vaxtlarda xarici medianın hədəfi Azərbaycan hakimiyyəti olub. O zaman hər hansı müxalifətçi siyasi ekspert, politoloq, konfliktoloq rəyinə ehtiyac duyulmayıb, beynəlxalq təşkilatlara ötürülən qərəzli hesabatlarla Azərbaycan tənqid olunub. İndi isə gözlənilmədən müxalif blogerin ölkə daxilində “demokratiyanın olmaması”, “medianın susdurulması”, təqib, təzyiq və s. cəfəngiyyatla dolu fikirləri reytinqi elə də yüksək olmayan saytların, qəzetlərin “bəzəyinə” çevrilir. Yəni qeyd edilən yazıların, müsahibələrin əsas məqsədinin diqqəti vəziyyəti gərginləşdirən dövlətdən yayındırmaq, Azərbaycan haqqında öz daxilindəki düşmənlər vasitəsilə mənfi imic yaratmaq, bir sözlə hədəfi dəyişməkdən ibarət olduğunu görməmək, anlamamaq çətin deyil.  

Bu isə xarici xüsusi xidmət orqanlarının ölkələr haqda mənfi imic yaratmaq üçün istifadə etdikləri ənənəvi metoddur və Əli Kərimli kimilərinin alət olaraq istifadə edilməsi təcrübəsi zaman-zaman tətbiq edilib.

Məsələn, onun “Putin Azərbaycanla münasibətləri gözdən keçirərkən Azərbaycanın Türkiyə ilə strateji ittifaqını da nəzərə almalıdır. Rusiyanın Bakı ilə münasibətlərini gərginləşdirməsi Moskvanın Ankara ilə əlaqələrini də sarsıda bilər. Türkiyə ilə münasibətləri korlamağı isə hazırkı geosiyasi şəraitdə Kreml gözə ala bilməz” fikirləri kuratorlarını xəbərdarlıq etmək kimi qiymətləndirilə bilər.

Və yaxud onun Almaniyanın “Frankfurter Rundschau" qəzetinə verdiyi müsahibədə regiondakı situasiyanı, Qərbin Azərbaycanla bağlı gələcək planları, Rusiyanın regionda mövcudluğu haqda suala dəxli olmayan halda Azərbaycandakı demokratiyanın vəziyyətinə dair saxta iddiaları, söz azadlığı, “siyasi məhbus” mövzusunda spekulyativ fikirlərlə cavab verməsi onun Rusiyanın təzavüzçü, imperialist siyasət yürütməsində tək olmadığı, Azərbaycanın da Rusiyanın vaxtilə müttəfiqi və ideoloji yaxınlığı olmasını xatırlatması xəyanətin, casusluğun bariz nümunəsi deyil, bəs nədir?

Jurnalistin “Əliyev indi nümayişkaranə şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, onun Qərbə yaxınlaşmaq istədiyini göstərmir?” sualına Kərimlinin “Əliyev üçün Qərbə yaxınlaşırmış kimi görünməsi kifayətdir. O düşünür ki, əgər Qərbi inandıra bilsə ki, artıq Rusiyadan asılı olmadan siyasət aparır, onda Azərbaycandakı insan hüquqları pozuntularına görə Qərbin təzyiqi zəifləyəcək. Amma vətəndaş hüquqlarına nifrət edən və həmin hüquqlar uğrunda mübarizə aparan demokratik fəalları təqib edən rejim Qərblə hələki real yaxınlaşma planlaşdırmır” cavabı qeyd etdiyimiz “torpedo” mövqeyinə aydın misal deyil?

Digər tərəfdən, Əli Kərimli məhz müasir dünya siyasətində öz dəst-xətti, qrosmeyster gedişləri, praqmatik baxışları ilə seçilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində baş verənləri sadaladığı halda Azərbaycanın ali rəhbərinə təşəkkür etmək əvəzinə, tavtalogiyası siyasi mədəniyyətsizliyin, siyasi etikanın olmamasının nümunəsi kimi yozula bilər. Misal üçün, məhz cənab İlham Əliyevin çoxgedişli və uzaqgörən siyasəti nəticəsində Rusiya sülhməramlılarının Qarabağ ərazisini vaxtından əvvəl tərk etmələri, dekabrda Azərbaycan təyyarəsinin bu ölkənin hava məkanında vurulmasından, cari ilin iyun-iyul aylarında azərbaycanlılara qarşı amansızlıq və vəhşiliklə həyata keçirilən zorakı hərəkətlərindən sonra nümayiş etdirdiyi qətiyyətli mövqeyi xatırladan jurnalistin “Siz Əliyevin yanındasınızmı” sualına “mən heç bir halda Əliyevin yanında deyiləm” cavabı verməsini xatırlatmaq kifayətdir.

Bu mənada Əli Kərimlinin məhz indiki məqamda aktivləşməsi, onun fikirlərinin digər post-sovet məkanında Rusiyanın təsiri altında olan qüvvələrin fikirləri ilə eyniyyət təşkil etməsi təsadüfi deyil.

Bundan başqa, həmin məqalələrdə Kərimli bir dəfə də olsun beynəlxalq təşkilatları Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən repressiv, amansız və kobud davranışlara görə qınaması üçün çağrış etməsinə rast gəlmirik. Bu şəxs, əlinə düşən imkandan beynəlxalq təşkilatlara çağırış etmək, hüquq müdafiə təşkilatlarını "silkələmək" əvəzinə, Azərbaycanı tənqid etmək, şər-böhtan atmaq, nüfuzunu ləkələmək kimi xaincəsinə mövqe sərgiləməklə öz mahiyyətini Azərbaycan ictimaiyyətinə bir daha nümayiş etdirmiş oldu. Halbuki, həmin təşkilatlar bunun kimi xəyanətkarların çağırışları ilə Azərbaycanda bir müxalifətçinin həbsindən 20 dəqiqə sonra bəyanatla çıxış edirdilər.  





Kərimlinin bu yazılarında Ermənistana, xüsusən də Paşinyana simpatiyası çox aydın sezilir. Diqqət edək:

“Cənubi Qafqazda isə Rusiyanın bu regionu öz nüfuz dairəsinə qaytarmaq üçün əsas ümidləri Əliyev hökumətilə bağlıdır” dediyi cümlənin davamında “Formal olaraq hələ də KTMT üzvü qalan Ermənistan Avropa İttifaqına inteqrasiya kursu seçib və bu istiqamətdə sürətlə irəliləyir”-cümləsini işlədir.

Və yaxud “Rusiyanın çox vacib Cənubi Qafqaz regionunda əsas dayağı hələ də Əliyev hökumətidir” deyən bu şəxs davamında həya etmədən “Aydındır ki, əvvəlki illərdən fərqli olaraq Paşinyan hökumətinin rəhbərlik etdiyi Ermənistanın Cənubi Qafqazda Rusiyanın forpostu olmaq niyyəti yoxdur” cümləsini işlətməsi artıq bizim üçün təəccüblü deyil.  

“Paşinyan sevgisi”nə daha bir misal: “Erməni kilsəsi və Rusiyalı erməni milyarderlər də anti-Paşinyan düşərgəsinə köməyə cəlb olundu. Ancaq Paşinyan hökuməti hələ ki, tədbirli və qətiyyətli hərəkətlərlə Rusiyapərəst qüvvələrin çevriliş cəhdinin qarşısını ala bilir”.

Belə misallar isə çoxdur.

Ə.Kərimlinin “müsahibəm”, “məqaləm” deyə təqdim etdiyi bu səfsəfələrdə buraxdığı səhvlər həm də onun tələskənliyinə, dərhal reaksiya vermə məcburiyyətində qalmasının göstəricisidir. Görünür, kuratorlarından gələn qəfil tapşırıqlar onu səhvləri gözardına almaqdan daha əfzəldir.

Diqqət yetirək:

Polşanın “Rzeczpospolita” saytına verdiyi müsahibədə Azərbaycana qarşı hədyanları, saxta ittihamları, böhtanları o qədər çox edir ki, yekunda özünü tələyə salır. O deyir: “Artıq 5 ildir ki, hökumət məni kommunikasiya blokadasına alıb. Həm mobil, həm də abunə olaraq İnternetdən istifadə etməyimə imkan verilmir”. Əgər bu ittihamlar deyildiyi kimi varsa,yəni  internet yoxdursa görəsən Əli Kərimli Polşa saytına müsahibəni necə verir? Eləcə də onun Qənimət Zahidlə gündəlik müsahibələri hansı yolla, hansı metodla götürülür?   

Başqa bir misal. Ə.Kərimlinin Gürcüstanın “netgazeti” saytına müsahibəsində özünü biabır edəcək səhvə yol verib. Belə ki, həmin məqalədə (əslində xahiş məktubudur) Ə.Kərimli yazır ki, “Əsas narahatlıq Rusiyanın “Xarici agentlərin hüquqlarının müdafiəsi” haqqında qanunun (FARA) anoloqu olan  “Xarici agentlər haqqında” qanunun qəbul ediməsidir...”

Bu şəxs hələ bilmir ki, FARA Rusiyanın “Xarici agentlərin hüquqlarının müdafiəsi” haqqında qanunu deyil, ABŞ-də qəbul olunan “Xarici Agentlərin Qeydiyyatı Aktı”nın abbreviaturasıdır.  

Yalanları...

1. Onun “mənim məqaləm dərc olunub”, “məndən müsahibə alıblar” kimi pafosla qələmə verdiyi məqalə-müsahibələrin əksəriyyətinin saytların redaksiyalarına göndərdiyi məktubların dərc edilməsi xahişindən sonra baş tutduğu məlum olur. Misal üçün, Gürcüstanın “netgazeti” saytına məktub göndərdiyini sayt özü qeyd edib:

2. Ə.Kərimlinin yazdığı statusda belə bir cümlə işlədir: “Newsweek jurnalı yadınıza düşdü? Azərbaycan xalqını 1989-cu ildə ilin xalqı məhz Newsweek jurnalı elan etmişdi”.

Kərimli burada da yalan danışır. “Newsweek” jurnalı Azərbaycan xalqını 1989-cu ildə “ilin xalqı” elan etməyib. Bu saxta məlumatdır. Həmin jurnalın 1989-cu ilin dekabr nömrəsində sadəcə indiki “Azadlıq meydanı”nda çəkilən foto yerləşdirilib və dünyada etiraz edən bütün xalqları "İlin xalqı" adlandırıb. Təqdim etdiyimiz skrindəki mətndə də qeyd olunub ki, foto verilsə də məqalədə Azərbaycanla bağlı bir söz belə yazılmayıb.  

 

3. Ə.Kərimlinin yayılan məqalələr haqda yazdığı statuslarından birində belə cümlələr işlədib: “Məni istənilən gün həbs edə və ya öldürə bilərlər. Lakin Azərbaycanda qalmaq və avtokratik rejimə qarşı sonadək mübarizə aparmaq mənim şüurlu seçimimdir”.

Əminliklə bildiririk ki, o müsahibə verdiyi saytlardan heç birində belə cümlələr işlətməyib. Bu populizm xəstəliyindən əziyyət çəkən birinin sayıqlamasıdır.

4. O, statuslarından birində qeyd edir ki, “Dünyanın media nəhənglərindən olan The New York Times Rusiya - Azərbaycan münasibətlərindəki gərginlik haqda geniş və maraqlı yazı hazırlayıb. Yazıda mənimlə müsahibəyə də yer ayrllıb”.

Doğrudan da “The New York Times”-da Əli Kərimlinin adı çəkilib, amma dediyi kimi müsahibə formasında deyil, sadəcə bir abzasda ondan sitat gətirilib. Sitatda isə Rusiya qalıb bir tərəfdə, Əli Kərimlinin Azərbaycanla bağlı böhtanına yer verilib.

5. Ə.Kərimli yazıb: “Dostlar, son bir həftədə ABŞ, Türkiyə, Polşa, Ukrayna, Gürcüstan və Belarusun 10 tanınmış mətbuat orqanında yazı və müsahibələrim dərc olundu”. O, nüfuzlu mətbuat orqanları deyərkən "Kyiv Post", "Obozrevatel", "Kavkasia.net", "TV Pirveli", “Apollo”, “Charter 77”, “eurointegration.com.ua” və digərlərini nəzərdə tutur.

Qeyd edilən “nüfuzlu” saytların dünya mediasının reytinq cədvəlində yerlərinə və öz ölkələrindən başqa harada oxunduqlarına diqqət edək. Foto-skrinlərdən də görünür ki, "reytinqli mətbuat orqanı" kimi təqdim edilən saytlar yayımlandıqları ölkələrdən kənarda oxunmurlar, kənar oxucu kütləsi ümumi izləyici sayının çox cüzi hissəsini təşkil edir. Bunu sübut etmək üçün həmin saytların hansı yollarla oxunduqlarını, hansı metodlardan istifadə edildiyini və hansı platfomada yayıldığını faktlarla göstərə bilərik.

Hələliksə saytların reytinq siyahısına diqqət edək:

Latviyanın “Apollo” saytı



 

Belarusun Ukraynadan yayımlanan “Charter 77” saytı

 

 

Ukraynanın “eurointegration.com.ua” saytı

 

  Türkiyənin “Karar” saytı. Yeri gəlmişkən, bu sayt, Ahmet Davutoğlunun partiyasına məxsusdur və bu şəxsin Azərbaycana münasibəti bəllidir.



 “Kavkasia.net” saytı 



 

Ukraynanın “Kyiv post” nəşri. 


Bir faktı da qeyd edək ki, Kərimliyə “Kyiv post” və elə böyük ehtimal ki, digər nəşərlərdə yer verilməsində bu mətbu orqanın Vaşinqton bürosunda çalışan Ələkbər (Aleks) Raufoğlunun rolu olub. O, Azərbaycanla bağlı dezinformasiyalar, saxta və təhrif olunmuş məlumatlar yayması ilə tanınır.

   

Gürcüstanın “netgazeti” saytı

 

Ukraynanın “Obozrevatel” saytı



 

 Gürcüstanın “Pirveli” internet televiziyası



 

 Yekunda Əli Kərimlinin məqalə “yazdığı”, “açıqlama verdiyi” “nüfuzlu” sayt və qəzetlərin Azərbaycana münasibətinə, Azərbaycanla bağlı dərc etdikləri yazılara diqqət edək.

1. Almaniyanın "Frankfurter Rundschau" qəzeti

Əli Kərimlidən müsahibə götürdüyü deyilən Stefan Şollun (Stephan Sholl) Azərbaycana münasibəti birmənalı mənfi olub. Onun yazdığı məqalələrdə bunu açıq görmək mümkündür. Qeyd edək ki, o, qeyd edilən Alman qəzetinin Moskva bürosunun müxbiridir. Əli Kərimli isə indiki dövrdə bu şəxsə açıqlama verdiyini gizlətmək əvəzinə, paylaşmağa daha çox üstünlük verir.

Stefan Şollun yazdığı məqalələrdən bir neçəsini xatırladırıq. Məsələn, bu “Dağlıq Qarabağdan olan qaçqınlar özlərini Qərb tərəfdən atılmış hiss edirlər” başlıqlı məqalədə yarımbaşlıq kimi “Qarabağdan 100 min soydaşının qaçması Ermənistana əzab və əziyyət gətirib və milli kimliyi travmaya çevirib” qeyd olunub. 

Ermənilərin məğlubiyyətdən sonra qorxusu” başlıqlı məqalə azərbaycanlıların söz verməsinə baxmayaraq ermənilərin onlara inanmamasından və yekunda onların qisas alacaqlarından ehtiyat etmələri haqdadır.

Bu isə digər məqalələrin skrinləridir. Tərcüməyə və əlavə şərhə ehtiyac görmürük:



2. “Newsweek” 

Əli Kərimlinin adı qeyd olunan məqalədə belə bir cümlə var: “2020-ci ildə Ermənistan-Azərbaycan müharibəsindən sonra Dağlıq Qarabağa yerləşdirilən Rusiya sülhməramlıları Bakının regionu blokadasına almasına heç bir müqavimət göstərməyib.”

Davamında isə “Bakının Dağlıq Qarabağı ələ keçirməsi zamanı Rusiyanın həmrəylik göstərməməsindən qəzəblənib” yazılıb.

Bu nəşrin Azərbaycana qarşı qərəzi tək bunlarla bitmir. Məsələn, nəşrin saytında “Biz Dağlıq Qarabağın Azərbaycan tərəfindən etnik təmizlənməsinin təşkilini unuda bilmərik”, “Ermənistan tələdə”, “Biz erməni soyqırımını yaxşı xatırladlığımız üçün ABŞ Azərbaycanı cəzalandırmalıdır”, “Azərbaycan dini azadlıqların əsas pozuçusudur”, “Unudulmuş etnik təmizləmə haqda düşüncələr” “Erməniləri ikinci soyqırımı gözləyir. Dünya müdaxilə edəcəkmi?”“Artsax gözləyə bilməz, bir halda ki, dünya ictimaiyyəti soyqırımı haqda həyacan təbili çalırsa” başlıqlı Azərbaycan əleyhinə onlarla məqalələr dərc olunub. 

3. “Netgazeti”

Bu saytda ermənilərin qondarma blokada ideyasını təsdiqləyən “Qida və istilik olmadan. Qarabağ blokadasının 41-ci günü” başlıqlı məqalə dərc olunub. Məqalədə Qarabağda yaşayan erməni sakinlər “Artsax xalqı” adlandırılır və eko-fəalların aksiyası “Artsax"ın 120 minlik əhalisinə qarşı yönəlmiş terror siyasəti” kimi qiymətləndirilir, azərbaycanlı eko-fəallar sözü dırnaqda verilir. 

Bunlar isə digər məqalələrin foto-skrinləridir:



 

Saytın bir ay ərzində dərc etdiyi məqalələrinin az qala tən yarısını reketlik üstündə tutulmuş və bundan siyasi məqsədlər üçün istifadə edən, Gürcüstanda həbs olunduğu halda Azərbaycanı günahlandıran bir şəxsə həsr etməsi saytın mövqeyini tam bəlli edir.

4. "Rzeczpospolita" (Respublika)

Polşanın bu qəzeti Azərbaycana qarşı birmənalı mövqe tutmayıb. Müxtəlif səpgili mövzularda fərqli yanaşma nümayiş edilib.

Kanadalı jurnalist: Azərbaycan əsgərləri Ermənistandan gələn əsirləri güllələyib” (Kanadalı jurnalist, Rusiya, Ukrayna və Qafqazın ingilisdilli KİV-lərinin müxbiri Neil Hauerin Azərbaycan ordusunun əsgərlərinin Ermənistan ordusundan olan hərbi əsirləri gülləbaran etməsi haqdadır. Halbuki həmin kadrlar quramadır və dezinformasiyadır), “Jedrzej Bielecki: Avropa növbəti dəfə erməniləri öz taleyinə buraxdı” (məqalədə Avropa ittifaqının Azərbaycanın Dağlıq Qarabağı zəbt etməsi qarşısında aciz olduğu deyilir), “Avropada Azərbaycan “ölüm eskadiyası” fəaliyyət göstərir”, “Azərbaycanın kürüsü və Avropanın biabırçılığı”, “Azərbaycan qoşunları Dağlıq Qarabağın bir hissəsini işğal edib”, “Ermənistanın baş naziri: Türkiyə erməni soyqırımını davam etdirir” (məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə və Azərbaycanın Dağlıq Qarabağdakı hərəkətlərini “erməni soyqırımı”nın davamı olan “terror hücumu” ilə müqayisə etməsi qeyd olunur) və “İqlim Sammitinin sonu: “Ədalətin parodiyası” yoxsa yeni eranın başlanğıcı?” başqlıqlı məqalələrlə Azərbaycana qarşı aparılan kampaniyada iştirak ediblər.



 




Beləliklə, bəlli olur ki, indiki mərhələdə “Əli Kərimli xarici mediada çıxış edib” fonunun yaradılması yalnız Azərbaycan haqda böhtan, hədyan və saxta məlumatlar yaymaqla Rusiyanın diqqətdən kənarda saxlanılması üçün təşkil edilib. Kərimli faktiki olaraq Rusiyanın “5-ci kolon”un təmsilçisi kimi özünü irəli verib və sifariş yerinə yetirir. Yazılan məqalələrdə Kərimlinin Rusiya əleyhinə 3-5 cümlə ilə danışması, əvəzində Azərbaycan əleyhinə bundan qat-qat çox fikir söyləməsi diqqətdən qaçmır. Eyni zamanda erməni lobbisinin və Rusiya trol şəbəkəsinin təsiri altında olan media orqanlarında Əli Kərimliyə yer verilməsi də təəccüblü qarşılana bilməz. Çünki bunlar anti-Azərbaycan şəbəkənin iştirakçılarıdılar. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avqust 2025, 11:55
Top