Yeni virusla bağlı HƏYƏCAN TƏBİLİ: "Azərbaycanda yayılma ehtimalı realdır"

SOSİAL 08 avqust 2025, 08:38
Çinin Foşan şəhərində Çikunqunya virusuna yoluxma hallarında sürətli artım müşahidə olunur.

Yerli səhiyyə orqanlarının məlumatına görə, virus artıq 7000-dən çox insana yoluxub və bu səbəbdən şəhərdə sərt karantin rejimi elan edilib. Hazırda ərazidə hərəkət məhdudlaşdırılıb, ictimai tədbirlər ləğv edilib və genişmiqyaslı dezinfeksiya işləri aparılır.

Çikunqunya virusu əsasən “Aedes” cinsinə aid ağcaqanadlar vasitəsilə yayılır. Bu virus tropik və subtropik bölgələrdə daha çox müşahidə olunsa da, son illər qlobal istiləşmə, urbanizasiya və turizm faktorları səbəbindən digər ölkələrdə də yayılma riski artıb.

Bəs bu virusun dünyada, həmçinin ölkəmizdə yayılma ehtimalı varmı?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı News24.az-a danışan tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Çikunqunya virusu arboviruslar qrupuna aiddir və bu virusun daha öncə də epidemik yayılma hallarına rast gəlinib:

"Bu, yeni virus deyil. Dəfələrlə çoxsaylı yoluxmalarla müşahidə olunub. İndi narahatlıq doğuran əsas məsələ onun Çində geniş yayılmasıdır. Bu ölkə böyük ticarət və nəqliyyat şəbəkəsinə malikdir. Necə ki, COVID-19 da Çindən yayılıb, eyni ssenarinin bu virus üçün də təkrarlanması mümkündür”.

Adil Qeybullanın sözlərinə görə, Azərbaycanın Çinlə ciddi iqtisadi əlaqələri və oraya gedib-gələn insanların sayı nəzərə alındıqda, virusun ölkəyə keçməsi tamamilə real ssenaridir:

“Virus daşıyıcısı olan şəxslərin Azərbaycana daxil olması istisna deyil. Bu baxımdan, sərhəd nəzarətinin gücləndirilməsi, əlamətlərin izlənməsi və risk qrupuna daxil olan şəxslərin müayinəsi vacibdir. Yoluxma təhlükəsi yalnız epidemioloji yox, iqtisadi və sosial risklər də yarada bilər”.

Professor əlavə edib ki, belə hallarda tədbirlərin təşkilində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun hərəkət etmək əsas şərtdir:

“Karantin, dezinfeksiya və nəzarət mexanizmləri ÜST tərəfindən təsdiq edilmiş metodologiyaya əsaslanmalıdır. Ölkəmizdə epidemioloji nəzarət sisteminin gücləndirilməsi, əhalinin maarifləndirilməsi və ilkin simptomlar üzrə təlimatlar vacib addımlardır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top