Elmar Mahmudovun ailəsi Britaniyada oğurlanmış milyonları necə leqallaşdırıb?

GÜNDƏM 06 avqust 2025, 19:21
Böyük Britaniyada hüquqşünas Rori Fordeys keçmiş Azərbaycan Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun ailəsi ilə bağlı vəsaitlərin yoxlanışında səhlənkarlığa görə 32,500 funt sterlinq (təxminən 42,000 dollar) cərimələnib.

Demokrat.az xəbər verir ki, bu barədə Korrupsiya və Təşkilatlı Cinayətkarlıq Araşdırmaları Mərkəzi (OCCRP) Britaniya Hüquqşünaslar Disiplin Tribunalının qərarına istinadən məlumat yayıb.
 
Fordeys həmçinin 5 il müddətinə hüquq firmalarında rəhbər və ya komplayens vəzifələrində çalışmaq hüququndan məhrum edilib. Əlavə olaraq, məhkəmə xərclərinə görə 50,000 funt sterlinq (təxminən 64,000 dollar) ödəməlidir.

Tribunal Fordeysin yoxlamalarını “səthi, sistemsiz və sadəlövhlük” kimi qiymətləndirib. Məhkəmədə müəyyən olunub ki, 2013-cü ildən 2015-ci ilin aprel ayına kimi Fordeysin direktoru olduğu Taylor Fordyce hüquq firmasının hesabına keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun ailə üzvlərindən iki dəfə böyük məbləğdə pul köçürülüb.

Bu vəsaitlərdən biri — 1,9 milyon funt sterlinqdən çox — Continental Properties Limited şirkəti tərəfindən Cənubi İngiltərədə kommersiya əmlakının alınmasında istifadə olunub.
 
Dəqiq ünvan açıqlanmasa da, OCCRP qeyd edir ki, 2015-ci ilin may ayında Continental Properties Newbury şəhərində təxminən 1,85 milyon funt dəyərində əmlak alıb. Burada Pizza Hut, Greggs və Salvation Army mağazaları yerləşir.

SDT (Hüquqşünaslar Disiplin Tribunalı) qərara gəlib ki, Fordeys Mahmudov ailəsinin nümayəndələrinin verdiyi ziddiyyətli məlumatlara çox güvənərək, əmlak alışı əməliyyatını zəruri sənədləri tələb etmədən həyata keçirib.
 
Beynəlxalq anti-korrupsiya təşkilatı Spotlight on Corruption-un müavini Helen Taylor bildirib ki, bu hadisə Azərbaycan mənşəli vəsaitlərin Böyük Britaniyanın daşınmaz əmlak sektoruna necə daxil olması ilə bağlı yeni suallar doğurur.

Əvvəlki OCCRP araşdırmalarında bildirilirdi ki, Mahmudov ailəsi Avropada 100 milyon avrodan çox dəyərində biznes imperiyası yaradıb.

Yuxarıda göstərilən əmlak bu siyahıya daxil edilməyib.

Mahmudov ailəsinin vəkili isə OCCRP-yə açıqlamasında ailənin sərvətinin XIX əsrdən gəldiyini və bütün aktivlərin qanuni şəkildə qeydiyyatdan keçdiyini bildirib. (Haqqin.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top