Azərbaycana gələn turistlərin sayındakı artım kazinoları aktuallaşdırıb — Deputat

GÜNDƏM 31 iyul 2025, 19:10
Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək. Prezident İlham Əliyev bununla bağlı Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Reklam haqqında", "Lisenziyalar və icazələr haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib. Azərbaycanda kazinoların yaradılmasının iqtisadi və turizm sahəsində perspektivləri nədir?

Bununla bağlı deputat Vüqar Bayramov Demokrat.az-a açıqlama verib. 

O qeyd edib ki, son illər müxtəlif alətlər, eləcə də kazinolar vasitəsi ilə fərqli dövlətlərdə gəlmə turizmin təşviq edilməsi müşahidə olunur:

“Bu turizm sektorunda daxil olmalara birbaşa təsir etməklə yanaşı, gəlmə turizmi təşviq edir. Hazırda qlobal kazino sənayesinin ümumi dövriyyəsi yarım trilyon dollardan çoxdur. Son illər bu sahədə artım dinamikası müşahidə olunmaqla yanaşı, proqnozlar da trendin davam edəcəyindən xəbər verir. Belə ki, 2023-cü ildə kazino sənayesinin gəlirləri 540 milyard dollar olub, 2024-cü ildə isə 580 milyard dollara yüksəlib. 2028-ci ilə qədər dövriyyənin həcminin 745 milyard dollara çatacağı proqnoz edilir. Azərbaycana gələn turistlərin sayındakı artım turizm infrastrukturunun  daha da inkişaf etdirilməsini, əlavə istirahət və əyləncə obyektlərinin açılmasın daha da aktuallaşdırıb”. 
Deputat əlavə edib ki, ərazi və əhalisinin sayına görə Gürcüstan Azərbaycandan kiçik olsa da, turizm gəlirlərinə görə daha öndədir:
“Tədqiqatlar göstərir ki, bunun əsas səbəblərindən biri kimi kazino biznesinin leqallaşdırılmasıdır. 2021-2022-ci illərdə Gürcüstanda mərc oyunları və kazinoların dövriyyəsi 16,45 milyard avrodan 17,82 milyard avroya yüksəlib. 2024-cü ildə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dolları olub. 2024-cü ildə 20 mindən çox insan bu sahədə çalışıb, Gürcüstan kazinolarının gəlirlərinin əhəmiyyətli hissəsi xarici müştərilərdən, həmçinin Azərbaycandan səfər edən turistlərdən daxil olur”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 avqust 2025, 15:22
Top