Bülbülədəki məsciddə baş verən qətllə bağlı ilahiyyatçıdan AÇIQLAMA

GÜNDƏM 29 iyul 2025, 11:30
Xəbər verdiyimiz kimi, Bülbülə qəsəbəsində yerləşən İmam Məhəmməd Sadiq İmamzadə məscidində qətl törədilib. 1990-cı il təvəllüdlü Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə qətlə yetirilib. 32 bıçaq xəsarəti alan şəxs hadisə yerində ölüb. Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Məmmədov polis tərəfindən saxlanılıb. Vətən müharibəsi iştirakçısı olan Elvinin psixoloji problemlərinin olduğu və tərəflər arasında hadisədən bir qədər əvvəl şəxsi münasibətlər zəminində mübahisənin yarandığı bildirilir. 

İlahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlamasında deyib ki, həqiqətən də bu cür dəhşətli hadisələr insanı vahiməyə salır:

“Bülbülə qəsəbəsində yerləşən bir məsciddə baş vermiş qətl xəbəri cəmiyyətimiz üçün sarsıdıcı və ağrılıdır. Məscid yalnız ibadət yeri deyil, İslam anlayışına görə insan ruhunun rahatlıq və şəfa tapdığı müqəddəs bir məkandır. Məscid Allahın evidir və orada olan insanlar da Allahın rəhmətini axtaran bəndələr sayılır. Bura səcdə yeri, qardaşlıq və dostluq mühiti, kin və nifrətdən arınma məkanıdır. Belə bir yerdə qan tökülməsi ilahi hörmətə və məscidin qudsiyyətinə xələl gətirir. 

Hadisənin motivi hələlik məlum olmasa da, hüquq-mühafizə orqanlarının bu işi dərindən araşdıracağına inanırıq. Amma məsələ yalnız cinayət aspektindən ibarət deyil. Bu, həm də cəmiyyətdəki mənəvi boşluğun, insanların bir-birinə və Allaha olan münasibətinin göstəricisidir. Bu faciədən nəticə çıxarmalıyıq. 

İslamın mərhəmət, şəfqət və sevgi dolu mesajını daha geniş yaymalıyıq. Hər bir insan Allahın yaratdığı bir dəyərdir. Heç kimin digər insana qarşı zor tətbiq etməyə, onun həyatına son qoymağa haqqı yoxdur. Ümid edirik ki, bu hadisə tezliklə tam aydınlaşdırılacaq. Vəfat etmiş şəxsə Allahdan rəhmət diləyirik. Allah bütün insanlara səbir, mərhəmət və iman ruhu bəxş etsin”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top