Avtomobillərin ucuzlaşmasının səbəbi bəlli oldu

AVTO 23 iyul 2025, 19:04
Ötən Azərbaycana idxal edilən hibrid avtomobillərin orta qiyməti 20.5 min dollar təşkil edib. 2023-cü ildə isə bu rəqəm 29.7 min dollar idi. Elektromobillərin orta qiyməti isə 7.3 min dollar ucuzlaşıb. Belə ki, 2024-cü il üzrə elektromobillərin orta qiyməti 41.3 min dollar olduğu halda, daha öncəki il 34 min dollar olub.

Məsələ üzrə bağlı nəqliyyat üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a açıqlamasında bildirib ki, son aylarda Azərbaycanın avtomobil bazarında müşahidə olunan qiymət enişi bir neçə paralel faktorun təsiridir:

“Bu təsirlər xüsusilə 10 min manata qədər olan ikinci əl seqmentində daha kəskindir. Birinci səbəb, taksi fəaliyyəti ilə bağlı normativ dəyişikliklərdən sonra köhnə və çox işlənmiş avtomobillərin kütləvi şəkildə satışa çıxarılmasıdır. 

Bazara birdən daxil olan bu təklif artığı qiymətləri aşağı çəkib. İkinci kritik amil, hibrid və elektrik tipli nəqliyyat vasitələrinin idxalında sıçrayışdır. 

2025-ci ilin ilk aylarında gətirilən minik avtomobillərinin əhəmiyyətli hissəsini hibridlər təşkil edir. Bu modellərə tətbiq olunan vergi güzəştləri yeni rəqabət zonası yaradıb və istifadə olunmuş benzin və dizel avtomobillərinin qiymətini basqı altında saxlayır. 

Üçüncü faktor, Çin istehsalı daha büdcə dostu markaların bazara sürətlə daxil olmasıdır. Həm rəsmi, həm də paralel kanallarla gətirilən bu avtomobillər alıcılara daha ucuz alternativ təqdim etdiyinə görə yerli bazardakı qiymət aralığını genişləndirib. Nəhayət, tələbin zəifləməsi və alıcılıq qabiliyyətinin ehtiyatlı davranışa keçməsi satıcıları qiymətləri endirməyə məcbur edir. Xüsusilə sürətli likvidlik istəyən fərdi satıcılar endirimi birinci edənlər olub. Bu faktorların kəsişməsi indi gördüyümüz kəskin ucuzlaşma obrazını formalaşdırır”.


Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyul 2025, 00:27
Top