Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

GÜNDƏM 21 iyul 2025, 19:26
Son illər “Euro təmirli” adı ilə satılan mənzillərin bəzilərində keyfiyyətsiz işlər gizlədilir. Alıcı isə mənzili aldıqdan sonra müxtəlif problemlərlə üz-üzə qalır.

Bu barədə Demokrat.az-a açıqlamasında əmlak eksperti Vəfadar Axundov bildirib. 

O deyib ki, sürətlə tikilərək tez bir zamanda satışa çıxarılan binalarda əsas problemlər kommunikasiya sahəsində yaranır:

“Xarici görünüş baxımından kafel, metlax, laminat kimi elementlər alıcılara yaxşı və cəlbedici təqdim oluna bilər. Lakin ən önəmli məqam iç infrastrukturdur. Əsas fəsadlar, adətən, elektrik xətləri, kombi sistemləri, santexnika qurğuları və digər texniki qurğuların keyfiyyətsiz quraşdırılmasından qaynaqlanır. Bu da evə köçdükdən sonra ciddi texniki və maddi çətinliklərə səbəb ola bilər. Buna görə də alıcılar belə mənzil alarkən ilk növbədə tikintini və ya təmiri hansı şirkətin həyata keçirdiyini öyrənməlidirlər. Tanınmış və etibarlı şirkətlər, adətən, işlərinə zəmanət verir və keyfiyyətli usta heyəti ilə çalışırlar. Evi almazdan əvvəl həm kombi ustalarının, həm də elektrik və santexnik
ustalarının kim olduğu barədə məlumat almaq, lazım gəldikdə yoxlama aparmaq tövsiyə olunur. Qısası, alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top