"92 markalı benzinin qiyməti dəyişməyəcək” — AÇIQLAMA

GÜNDƏM 16 iyul 2025, 15:11
Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə və 19 yanvar 2001-ci il qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, mühərrik benzinlərinin (aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə) üçün aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 1 ton üçün 200 manatdan 1 manata endirilib. 

Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, Nazirlər Kabinetinin qərarı 92 oktanlı yanacağın qiymətinə təsir etməyəcək:

“Son günlər ictimaiyyətdə müzakirəyə səbəb olan 92 oktanlı yanacağın idxalı ilə bağlı qərarın qiymətlərə təsir edib-etməyəcəyi məsələsi gündəmdədir. Belə qərarlar adətən ildə bir dəfə, yerli istehsal müəssisələrinin, xüsusilə də emal zavodlarının təmir-bərpa işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandırması zamanı verilir. Belə hallarda ölkənin daxili tələbatı idxal hesabına qarşılanır və bu dövrdə idxala tətbiq edilən rüsumlar müvəqqəti olaraq azaldılır. Bu tip qərar yalnız təminat məqsədi daşıyır və qiymət siyasətinə aid deyil. Çünki yanacağın qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir və hazırda 92 oktanlı yanacağın satış qiymətində hər hansı dəyişiklik nəzərdə tutulmur. Buna görə də, ictimaiyyətdə yaranan narahatlığa əsas yoxdur – 92 markalı benzinin qiyməti dəyişməyəcək. Qəbul edilən qərar sırf təchizatın fasiləsizliyini təmin etmək məqsədi daşıyır”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top