Qarşıdakı bir-iki ay ərzində bu sahədə ciddi canlanma gözlənilmir — Ekspert

GÜNDƏM 15 iyul 2025, 19:42
Məhərrəm ayının başlaması ilə əlaqədar olaraq qızıl bazarında durğunluq müşahidə olunur. Ənənəvi olaraq bu ay ərzində insanlar toy, nişan və digər şənlik mərasimlərini təxirə salır, bu isə zinət əşyalarına olan tələbatın azalmasına səbəb olur. Nəticədə bazarda qiymətlər sabit qalsa da, alıcı aktivliyi nəzərəçarpacaq dərəcədə aşağı düşür.

İqtisadçı Azər Bayramlı Demokrat.az-a açıqlamasında deyib ki, Məhərrəm ayının başlamasına sayılı günlər qalmış ölkədə toy mərasimlərinin sayı sürətlə artıb:

“Xüsusilə Bakıda və böyük rayon mərkəzlərində yerləşən şadlıq evlərində iyulun sonuna qədər demək olar ki, boş yer tapmaq mümkün deyil. Ailə quran cütlüklər matəm ayı başlamazdan öncə toylarını keçirməyə çalışdıqları üçün sifarişlərdə sıxlıq yaranıb. Toy mərasimlərinin sıxlaşması qızıl bazarına təsir etsə də, artıq alıcılıq gücündə azalma hiss olunur. Paytaxtda yerləşən qızıl mağazalarının sahibləri bildirirlər ki, əvvəlki həftələrlə müqayisədə müştəri sayı azalıb, xüsusilə bahalı zinət əşyalarına maraq zəifləyib. Əvvəlki illərlə müqayisədə bu il əlavə olaraq qiymət artımı və vətəndaşların alıcılıq qabiliyyətinin zəifləməsi də qızıl bazarına mənfi təsir göstərir. Qarşıdakı bir-iki ay ərzində bu sahədə ciddi canlanma gözlənilmir, yalnız payız aylarında xüsusilə Məhərrəm və Səfər bitdikdən sonra satışlarda yenidən nisbi artım ola bilər”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top