Günay Əfəndiyeva: “Biz öz mədəni irsimizə sahib çıxmalıyıq”

SİYASƏT 10 iyul 2025, 17:21

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycan məsələsi dövlət siyasətimizin əsas prioritetlərindən birinə çevrilmişdir. Bu konteksdə Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın maddi-mənəvi irsinin araşdırılması və sənədləşdirilməsi xalqımızın Qərbi Azərbaycandakı köklərinin elmi əsaslarla bir daha təsdiqinə xidmət etməkdədir.”

Demokrat.azxəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva 10 iyul 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Pirallahı Gənclər Evində keçirilən “Qərbi Azərbaycan İrsi” kitabının birinci cildinin təqdimat mərasimində deyib. Kitab Qərbi Azərbaycan İcması tərəfindən hazırlanıb və nəşr olunub.

Millət vəkili Günay Əfəndiyeva Qərbi Azərbaycanın zəngin mədəni irsinə diqqət çəkib: “Bu ərazilərdə qədim tariximiz boyunca inşa edilən çox sayda məscidlər, türbələr, qəbiristanlıqlar və digər dini-tarixi abidələr Azərbaycan xalqının yüzillərlə yaratdığı mədəniyyətin bariz nümunələridir. Bu abidələrin böyük bir qismi erməni işğalı nəticəsində dağıdılmış, bir çoxu isə izləri silinərək məhv edilməyə çalışılmışdır”. 

“Bu gün biz bu irsi yenidən bərpa etmək, tariximizi sənədləşdirmək və gələcək nəsillərə ötürmək kimi müqəddəs bir missiyanı həyata keçiririk. 

Biz öz mədəni irsimizə sahib çıxmalıyıq” – deyə Günay Əfəndiyeva vurğulayıb.

Millət vəkili geyd edib ki, bu baxımdan, “Qərbi Azərbaycan İrsi” kimi elmi əsaslara söykənən nəşrlər həm beynəlxalq aləmdə, həm də yerli ictimai fikirdə ciddi dəyər kəsb edir. O, bildirib ki, bu kitab milli irsimizin sistemli şəkildə toplanması fonunda böyük elmi və ideoloji əhəmiyyət daşıyır.

Günay Əfəndiyeva Qərbi Azərbaycanla bağlı daha geniş elmi tədqiqatların aparılmasının əhəmiyyətinə diqqəti çəkərək, bildirib: “Kitab Qərbi Azərbaycanın tarixi reallıqlarını əks etdirməklə yanaşı, milli yaddaşımızın, mədəni köklərimizin qorunması və yaşadılması istiqamətində strateji bir addımdır”.

Millət vəkili çıxışında belə bir irs layihəsinin tədqiqata cəlb olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirərək, gələcəkdə bu istiqamətdə daha geniş miqyaslı işlərin görüləcəyinə inamını ifadə edib.

Tədbirdə, həmçinin, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli, dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və yerli sakinlər iştirak ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyul 2025, 19:51
Top