Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib

GÜNDƏM 10 iyul 2025, 20:14

Ukraynadan 30 uşaq Azərbaycana gətirilib.

 Sosial Xidmətlər Agentliyi sədrinin müavini Zaur İbrahimov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycana gətirilən ukraynalı uşaqlar Bakıda təşkil olunmuş düşərgədə sosioloji reabilitasiyaya cəlb olunacaqlar. Onlar eyni zamanda, Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar və onlara peşəkar konsultasiya xidməti göstəriləcək.

Bu proqram 10 gün davam edəcək.


O bildirib ki, proqram çərçivəsində uşaqlar ölkəmizin müxtəlif bölgələrinə səfər edəcək: "Son illərdə müharibədən əziyyət çəkən 230-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək müxtəlif reabilitasiya proqramlarına cəlb olunub. Onların arasında valideynlərini itirən və müxtəlif travmalar yaşamış uşaqlar var".

Bakı şəhərində yerləşən düşərgədə uşaqlar üçün milli rəqs dərsləri və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək. Həmçinin onlar İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.

Bildirilib ki, növbəti günlərdə onların Bakı və bölgələrimizdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur. Düşərgə iştirakçıları Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcək. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top