Azərbaycanla BƏƏ arasında saziş imzalandı

GÜNDƏM 10 iyul 2025, 19:18
Azərbaycanla BƏƏ arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi iqtisadi əməkdaşlığın gücləndirilməsini, ticarətin liberallaşdırılması və asanlaşdırılmasını nəzərdə tutur.

Demokrat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirilən görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” (CEPA) imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri Tani bin Əhməd əl-Zeyoudi imzalayıblar.  

Sazişin əsas məqsədi tərəflər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarətin liberallaşdırılması və asanlaşdırılmasıdır. Azərbaycan və BƏƏ arasında strateji əlaqələrin bir hissəsi kimi iqtisadiyyatın şaxələndirilməsini və rifahı artırmağı hədəfləyən Sazişin imzalanması ikitərəfli münasibətlərdə mühüm mərhələdir. Sənəd gələcək çağırışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadiyyatın inkişafı üçün əhəmiyyətli baza yaradır. 

Ölkələrimiz arasında CEPA-nın imzalanması sənaye, bərpa olunan enerji, kənd təsərrüfatı, maliyyə, logistika, turizm, tikinti və digər sahələrin inkişafına imkanlar açacaq. Saziş qarşılıqlı sərmayə axınını artırmaqla təchizat zəncirlərinin gücləndirilməsi, sahibkarların, kiçik və orta müəssisələrin qlobal miqyasda fəaliyyətlərinin genişləndirilməsinə töhfə verəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top