İlham Əliyev-Paşinyan görüşünə Ermənistan vətəndaşlarından REAKSİYA

XARİCİ SİYASƏT 10 iyul 2025, 12:11
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü təkcə bu iki ölkədə yox, demək olar ki, bütün dünyada böyük diqqətlə izlənilir.

Azərbaycan və Ermənistan tərəfi danışıqlar prosesində hər hansı üçüncü tərəf olmadan iştirak edirlər. Bu görüşü sülh müqaviləsinə doğru rəsmi Bakı və İrəvanın həyata keçirdiyi ən vacib təmas da hesab etmək olar.

Əbu-Dabi görüşünün Azərbaycanın israrı ilə ikitərəfli formatda həyata keçirildiyi gün kimi aydındır. Bakı İrəvana 44 günlük müharibədən sonra çətin də olsa, görünür izah edə bilib ki, hər hansı vasitəçiyə ehtiyac olmadan da Azərbaycan ilə Ermənistan bir araya gəlib, öz talelərini kiminsə ümidinə buraxmadan həll etmək iqtidarındadır.

Artıq çox aydın sezilir ki, Azərbaycanın sülh gündəliyini Ermənistan siyasi hakimiyyətindən əlavə, xalqımıza qarşı uzun illər kin, nifrət, düşmənçilik hissləri ilə bəslənən sadə ermənilərin böyük əksəriyyəti də rəsmi Bakının İrəvanla sabitlik istiqamətində atdığı addımlarının, Prezident İlham Əliyevin iki dövlət arasında münasibətlərin tənzimlənməsi, qonşuluq prinsipləri əsasında sülh şəraitində yaşamağın vacibliyi ilə bağlı verdiyi mesajların səmimiyyətinə əvvəlki illərlə müqayisədə indi daha çox inanmağa başlayıblar.

Bunu təsdiq edəcək ən böyük sübutlardan biri kimi, bu gün hazırda davam görüşlə bağlı Ermənistan Baş naziri Nikol Paşinyanın rəsmi sosial şəbəkə hesablarında İlham Əliyevlə görüşünü əks etdirən videogörüntüyə ermənilərin yazdıqları şərhləri göstərə bilərik.

Şərh yazanların böyük əksəriyyətinin iki ölkə liderlərinin sülh istiqamətindəki bu görüşünü müsbət qarşıladığı diqqətdən yayınmır. Ermənilərin sözügedən video ilə bağlı diqqətçəkən şərhlərinin ən çox Azərbaycan və Ermənistan arasındakı sülhü səbirsizliklə gözlədiklərini əks etdirən ifadələrə yer verməsi deyilənləri növbəti dəfə təsdiq edir: "Dövlətimizə sabitlik, xalqımıza sülh lazım", "Yalnız sülh", "Cənab baş nazirimiz, ölkəmizə sülh gətir", "Sülh olmalıdır. Müharibə olmamalıdır", "Sülh və firavanlıq istəyirik", "Ölkəmiz üçün sülh olsun".

Bəli, Ermənistan xalqı da artıq Azərbaycanın sülh konsepsiyasını qəbul etməkdə, ona ölkələrinin inkişafı, firavanlığı istiqamətində əsas addım kimi baxmaqdadırlar. Şübhəsiz ki, regionda sülhü pozmaq istəyən qüvvələr var. Ermənistan hakimiyyəti və xalqı da artıq bunu başa düşür, anlamağa başlayırlar ki, uzun illər sadəcə həmin qüvvələrin öz maraqlarına çatmaq üçün bir vasitə olublar, istifadə ediliblər.

Əbu-Dabi görüşü sübut edir ki, istək və siyasi iradə olduğu təqdirdə, təxminən yarım əsrlik düşmənçilik də tarix ola bilər. Azərbaycan bu dövrə hazırdır, rəsmi Bakının sülh təşəbbüsünə nə qədər hazırlıqlı olduğunu erməni xalqı hiss etməkdədir. İndi növbə rəsmi İrəvanın: Ermənistan hakimiyyəti Bakının sülh təşəbbüsünə hazırdırmı, bunu yaxın gələcəkdə daha aydın müşahidə edəcəyik.

Bu həqiqətdir ki, Paşinyan özündə iradə tapsa, Əbu-Dabi görüşü "sülh baş tutmayacaq" deyənlərə tutarlı cavab veriləcək. Bu, sülhü korlamaq istəyənlərə ən dolğun cavab ola bilər. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyul 2025, 19:51
Top