Lənkəranda tələbələr arasında dava — TƏFƏRRÜAT

HADİSƏ 08 iyul 2025, 14:18
Lənkəran Dövlət Universitetinin tələbələri arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 17-də Lənkəran şəhəri, H.Abdullayev küçəsində baş verib. 

Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Səid həmin gün saat 13 radələrində birlikdə yaşadıqları binanın qarşısında aralarında şəxsi münasibətləri zəminində baş verən münaqişə zamanı Elşadın sol üz nahiyəsindən qəsdən zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, Lənkəran Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsinin 5-ci kursunda oxuyur: 

“Zərərçəkmiş şəxsi tanıyıram. Eyni universitetdə oxumaqla, həm də eyni binada kirayədə yaşayırıq. Hadisədən əvvəlki gün saat 22 radələrində yaşadığım binanın mənzilində olarkən binanın qarşısında tanışım Orxanın səsinin gəldiyini eşitdim. Orxanın kiminləsə mübahisə etdiyini eşitdim və həyətə düşdüm. Həmin vaxt Elşadın Orxanla kobud zarafat etdiyini gördüm. Bu zaman Orxanı oradan kənara çəkdim və getdik”. 

Müttəhimin ifadəsinə görə, Elşadın etdiyi kobud zarafat ona pis təsir edib, bu səbəbdən onunla mübahisəli olub: 

“Aprelin 17-də, saat 13 radələrində yaşadığım mənzildən çıxaraq həyətə düşdüm. Bu zaman blokun qarşısında Elşadla rastlaşdım. 

O, mənə kinayə ilə baxdı. Buna görə onu yanıma çağırdım, salamlaşmadan yan-yana yeriməyə başladıq. Bu zaman əsəbləşdiyimdən Elşadın sol göz nahiyəsindən bir yumruq zərbəsi vurdum. Zərbədən zərərçəkmiş yerə yıxıldı. Mən də oradan getdim. Lakin hadisədən sonra etdiyim hərəkətə görə peşman oldum”. 

İş üzrə zərərçəkmiş Elşadın sözlərinə görə, Lənkəran  Dövlət Universitetinin tarix-coğrafiya fakültəsinin 4-cü kursunda oxuyur: 

“Təqsirləndirilən şəxs mənimlə eyni universitetdə oxuyur və eyni binada yaşayırıq. Bir-birimizi tanımışıq, münasibətlərimiz normal olub. Bizim ortaq dostumuz olub. Onunla etdiyim zarafat Səidin xətrinə dəydiyinə görə onunla aramızda mübahisə yarandı”.

Zərərçəkmiş qeyd edib ki, aprelin 17-də, saat 13 radələrində məktəbdən çıxandan sonra yaşadığı mənzilə tərəf gedib: 

“Bu zaman Səid blokdan həyətə düşdüyündən onunla rastlaşdım. Həmin vaxt məni yanına çağırdı. Mən də ona yaxınlaşaraq salamlaşdım və yan-yana yeriməyə başladıq. Bu zaman Səid göz nahiyəmə bir yumruq zərbəsi vurdu. 

Məni özümü itirərək yerə yıxıldım. Səid də oradan getdi. Xəsarət aldığımdan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına getdim. Mənə tibbi yardım göstərilən zaman şikayət etmək istəmədiyimdən həkimə yerə yıxılaraq xəsarət aldığımı dedim. Hadisədən bir müddət sonra Səidin məndən üzr istəmədiyini gördüm və polisə şikayət etdim”. 

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Müttəhim Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli sübuta yetirilib. 

Lakin onların barışması səbəbindən ittihamedici hökm çıxarılmayıb. Səidin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top