Politoloq: "Azərbaycanın apardığı siyasət bu xalqların öz müstəqilliyinə qovuşmasına yönəlib"

GÜNDƏM 25 iyun 2025, 17:33
"Fransa Qvadelupa, Kanak xalqını və digər müstəmləkə əsarətində saxladığı xalqlarla bağlı apardığı siyasətdə bir məqsədlidir. Bu da həmin xalqların müstəmləkə altında qalması, bu tarixinin müddətini uzatmaqdan ibarətdir. Fransa Qvadelupa xalqı da daxil olmaqla, əsarətdə saxladığı müstəmləkə xalqlarına heç bir azadlıq vermək istəmir. Bu mübarizəni xalqlar artıq 70-80 ildir aparırlar. Xüsusilə də imperializmin, müstəmləkə sisteminin tam şəkildə dağılmağa başladığı 60-cı illərdən bu yana Fransa dünyanın az sayda ölkələrindən biridir ki, müstəmləkə sisteminə son qoymaq istəmir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.

O bildirib ki, Qvadelupa xalqı da daxil olmaqla, müstəmləkə əsarətində yaşayan 13-15-ə yaxın xalqın dekolonizasiya olunması ilə bağlı BMT-nin qərarı var:

"Hətta bununla bağlı BMT-də xüsusi bir komitə də yaradılıb. Bu komitə həmin xalqların azadlığa çıxması istiqamətində fəaliyyət göstərir. Fransa isə bu milli azadlıq hərəkatlarının uğurla nəticələnməsinə mane olmaq üçün hər cür vasitədən istifadə edir. O cümlədən də Qvadelupa xalqına qarşı onların milli kimliyinin, tarixinin, mədəniyyətinin unutturulması istiqamətində ardıcıl siyasət aparır.

Qvadelupa xalqının bu gün başqa ölkənin, o cümlədən Fransanın musiqisinə, himninə qulaq asmağa vadar edilməsi adi bir faktdır. Bu xalqların milli azadlıq işlərinin boğulması üçün elə addımlar atılır ki, bunlar 21-ci əsrdə insanlığa qətiyyən yaraşmayan addımlardır". 

Onun sözlərinə görə, Azərbaycanın bu istiqamətdə apardığı siyasət həmin xalqların öz müstəqilliyinə qovuşmasına yönəlib:

"Xüsusilə  Fransa müstəmləkələrinin azadlığa çıxması istiqamətində həyata keçirdiyi tədbirlər Bakı Təşəbbüs Qrupu xətti ilə olduqca dəyərlidir. Bu, Azərbaycanın dünyada müstəmləkə əsarətinə son qoyulması yönündə apardığı siyasətin əhəmiyyətini göstərməklə yanaşı, həmin xalqlar üçün həyati dəyərə malikdir. Çünki həmin xalqlar artıq Azərbaycanın timsalında özlərinin böyük bir hamisini görürlər. 

Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə Qvadelupa xalqı da Azərbaycanı özünün yaxın dostu hesab edir. Bu mübarizə heç şübhəsiz ki, azadlıqla yekunlaşacaq, Qvadelupa xalqı da öz azadlığına qovuşacaq".

Qeyd edək ki, Bakıda "Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər" adlı beynəlxalq tematik konfrans keçirilib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top