Bakıda 54 yaşlı kişi ondan boşanan arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 24 iyun 2025, 19:53
Bakının Suraxanı rayonunda 1971-ci il təvəllüdlü Murad ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nərminə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 3-də Yeni Suraxanı qəsəbəsində baş verib. Bakı şəhər sakini Murad həmin gün saat 06:00-da  Nərminənin yaşadığı evinin qarşısına gedib və boşanmaq ərəfəsində olduğu həyat yoldaşı ilə danışaraq barışmaq istədiyini bildirib. 

Nərminə barışmaq istəmədiyini dediyindən əsəbləşib və əli ilə qəsdən onun baş nahiyəsinə bir neçə dəfə vurub. Ona baş beyin silkələnməsi ilə müşayət olunan xəsarətlər yetirib. 

Hadisəni törədən Muradın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Nərminə ilə 2010-cu ildə ailə həyatı qurub və birgə nikahlarından üç övladları var: “Hadisə baş verən vaxtlar Nərminə xasiyyətlərimizin uyğun gəlmədiyini, mənim evə maddi yardım göstərmədiyimi dedi, boşanmaq istədiyini bildirdi. Mən də bu təklifə razılıq vermədim. Sonradan Nərminə boşanmağımız üçün məhkəməyə müraciət etdi və Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yaşayan bacısının evinə getdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 3-də, saat 6 radələrində həyat yoldaşının bacısı ilə birlikdə yaşadığı evin qarşısına gedib və həyat yoldaşını gözləyib ki, onu məhkəmədən boşanmaq barədə ərizəsini geri götürməsinə razı salsın: “Söhbət edərək yolüstü keçidə qədər birlikdə getdim. Orada Nərminəni kənara çəkmək üçün qolundan tutdum və keçiddə bir müddət söhbət etdik. Nərminə mənimlə barışmaq istəmədiyini, avtobusa gecikdiyini bildirdi. Nərminənin barışmaq istəmədiyini gördüm və onun çiynindən yüngül vuraraq getməsini dedim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt yanlarında heç kim olmayıb, yalnız Nərminə ilə özü olub: “Mən Nərminəyə xəsarət yetirməmişəm. Nərminənin  yanına görüş üçün getdiyim gün onun bədəni üzərində xəsarətləri olduğunu da görməmişəm. Nərminənin qolundan tutub söhbət etmək üçün kənara çəkmişəm. Həmin vaxt Nərminənin gödəkçəsi cırılıb”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nərminənin sözlərinə görə, son zamanlar Muradla xasiyyətlərinin uyğun gəlmədiyi, onun evə maddi köməklik etmədiyi  və münasibətlərinin soyuduğunu görərək boşanmaq qərarına gəlib: “Lakin Murad mənimlə boşanmaq istəmədiyini bildirdi. Boşanmaq üçün məhkəməyə müraciət edərək müvəqqəti bacımın yaşadığı evə getdim, orada bacım ilə qalmağa başladım. Hazırda rəsmi olaraq boşanmışıq. Murad birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib”. 

Təqsirləndirilən şəxs bildirib ki, fevralın 3-də, saat 6 radələrində evdən çıxıb və işə getmək istəyərkən küçədə Muradın dayandığını görüb: “Bu zaman Murad yaxınlaşaraq alimentdən imtina etməyimi tələb etdi. Muradın təklifindən imtina edərək yoluma davam etmək istədim. Murad qolumdan tutaraq əlləri ilə baş nahiyəmdən dəfələrlə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Murad isə bundan sonra oradan getdi. Mən də işə getdim. Axşam işdən qayıdan zaman isə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə müraciət etdim və Muraddan şikayət etdim”. 

Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmündə göstərilib ki, zərərçəkmiş təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürüb və onunla barışıb. 
Bu səbəbdən Muradın barəsində olan Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top