“Bu il yüksək rəqabətin olduğu lll ixtisas qrupunda bəzi sahələrdə ballar artacaq” — AÇIQLAMA

GÜNDƏM 19 iyun 2025, 18:13
“Bu il yüksək rəqabətin olduğu lll ixtisas qrupunda bəzi sahələrdə ballar artacaq” 

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Aztv-nin "Hədəf" verilişində deyib ki, ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisaslarda keçid balları 3-5 bal arta bilər.

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu bununla bağlı Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, hazırda abituriyentlər üçün ixtisas seçimi mərhələsinə yaxınlaşır:

“Bu prosesdə mühüm amillərdən biri ixtisaslar üzrə keçid ballarında artım və ya azalma meyilləridir. Xüsusilə 3-cü ixtisas qrupu üzrə bu il müəyyən ixtisaslarda balların artacağı gözlənilir. Məsələ ondadır ki, 3-cü qrupda alternativ maraq yüksəkdir. Hüquq, beynəlxalq münasibətlər, tərcümə, müəllimlik ixtisasları, politologiya, sosial iş və jurnalistika kimi sahələr prestijli və əmək bazarında müəyyən üstünlüklərə malikdir. Bu da ixtisaslar üzrə rəqabəti artırır. Bununla yanaşı, dövlət sifarişi əsasında plan yerlərinin artırılması, eləcə də abituriyent nəticələrinin ötən illərlə müqayisədə yaxşı olması bu il bir çox ixtisaslarda 3–5 ballıq artım ehtimalını real edir. Lakin bu artım bütün ixtisaslara aid deyil. Düşünülməlidir ki, bəzi ixtisaslar üzrə azalma müşahidə oluna bilər”.

Ekspert deyib ki, bu isə daha çox əmək bazarı ilə uyğunlaşmayan ixtisaslara aiddir:

“Məsələn, Dövlət və ictimai münasibətlər ixtisası əvvəlki illərdə populyarlıq qazansa da, bu il Dövlət təhlükəsizliyi ilə bağlı yeni yaradılmış ixtisas onun maraq dairəsini daralda bilər. Bununla yanaşı, jurnalistika ixtisası 2014-cü ilə qədər yüksək ballı ixtisaslardan biri olub, lakin qabiliyyət imtahanlarının tətbiqi ilə müəyyən azalma yaşanmışdı. Hazırda yenidən bu ixtisasa maraq artır və bu il burada da balların yüksəlməsi gözlənilir. Əsas meyar düzgün seçimdir. Abituriyentlər ixtisas seçimini təkcə bal əsaslı deyil, maraq, meyl, gələcək perspektivlər və əmək bazarının tələblərinə uyğun aparmalıdır. Bu zaman 3–5 ballıq artım tendensiyası onlar üçün ciddi maneə olmayacaq. Nəticə etibarilə, bu il yüksək rəqabətin müşahidə olunacağı 3-cü ixtisas qrupunda bəzi sahələrdə balların artması mümkündür, lakin bu artım ümumilikdə kütləvi deyil, daha çox prestijli və iş imkanları geniş olan ixtisaslarda özünü göstərəcək”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top