
Məşhur milyarder İlon Mask "Tesla"nın ən yeni elektrik avtomobili üçün qlobal miqyasda məşhur bir tanıtım kampaniyası planlaşdırıb.
Turk mediası reklam kampaniyası üçün iş adamının türkiyəli müğənni Tarkanla çalışmaq istədiyini yazıb. İddia edilib ki, reklam siması olması üçün Tarkana 1,7 milyard dollar təklif olunub. Təklifin təfərrüatlarına görə, Tarkan tanıtım filmlərində rol almalı, avtomobili dünya turlarında tanıtmalı və sosial media vasitəsilə dəstək verməlidir.
Lakin məşhur sənətçi heç kimin gözləmədiyi səbəbdən bu nəhəng təklifi rədd edib. Tarkana yaxın mənbələrin dediyinə görə, sənətçinin qərarının səbəbi maliyyə məsələlərində fikir ayrılıqları və ya sıx iş qrafiki deyil, "Tesla"nın istehsal proseslərinin ətraf mühitə mənfi təsirləri olub.
Xüsusilə, elektrikli avtomobillərin akkumulyatorlarında istifadə edilən litium və kobalt kimi mineralların hasilatı zamanı ətraf mühitin məhv edilməsi və insan hüquqlarının pozulması Tarkanın qərarında həlledici rol oynayıb.
Sənətçinin yaxın ətrafı Tarkanın "Pul hər şey deyil. Gələcək nəsillərə təmiz dünya buraxmaq mənim üçün hər cür maddi qazancdan daha vacibdir" sözlərini dediyini açıqlayıb. /Axşam.az