Azərbaycan dəniz ekosistemlərinin qorunması istiqamətində mühüm addımlar atır — Leyla Abdullayeva

XARİCİ SİYASƏT 11 iyun 2025, 23:36
Azərbaycan Xəzər sahilində yerləşən dövlət kimi, dəniz ekosistemlərinin qorunması istiqamətində mühüm addımlar atır. Xəzər dənizində ilk dəniz qorunan zonası və ümid nöqtəsinin elan olunması, nərə balığı ovuna qoyulan 10 illik qadağa və milyonlarla balıq körpəsinin təbiətə buraxılması bu sahədə atılan real addımlardandır.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva iyunun 11-də Davamlı inkişaf üçün okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və davamlı şəkildə istifadə etmək üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri-14 (DİM) çərçivəsində Üçüncü BMT Okean Konfransında çıxışı zamanı deyib.

Leyla Abdullayeva Xəzər dənizində Azərbaycanın həyata keçirdiyi dəniz mühafizəsi tədbirlərinə diqqət çəkib. Həmçinin, səfir Bakıda keçirilən COP29-da olduğu kimi, dünya ölkələrinin ortaq çağırışlara birlikdə cavab verməsinin vacibliyini vurğulayıb.

“Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakı COP29-a ev sahibliyi etdi. Bu tədbir göstərdi ki, qlobal bölünmələrə baxmayaraq, siyasi iradə və əməkdaşlıq sayəsində böyük nəticələr mümkündür. Biz iqlim maliyyələşdirilməsi üçün Bakı Maliyyə Məqsədini qəbul etdik, Paris Sazişinin 6-cı maddəsinin tətbiqinə başladıq, Zərər və Ziyan Fondu yaratdıq.

Bu ruhu bu gün burada – Nitsada da yaşatmalıyıq. Okeanlar planetimizin mavi ağciyərləridir və onların qorunması yalnız ekoloji deyil, həm də iqtisadi və humanitar məsələdir.

Azərbaycan olaraq inanırıq ki, birgə səylərlə 2030-cu ilə qədər okeanların ən azı 30 faizini mühafizə altına ala bilərik. Bu, bizim üzərimizə düşən ortaq məsuliyyətdir”, - deyə Leyla Abdullayeva vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top