Bu, beynəlxalq tədbirlərin Azərbaycana yönləndirilməsinə zəmin yaradır — Turizm eksperti

GÜNDƏM 10 iyun 2025, 15:30
Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin vəzifəsini müvəqqəti olaraq icra edən Kənan Quluzadə deyib ki, Azərbaycan üçün 2025-29-cu illər üzrə BMT-nin Turizm Təşkilatının Avropa üzrə Regional Komissiyasına üzv seçilmək mühüm əhəmiyyət daşıyır. Azərbaycan artıq komissiyanın üzvlüyünə namizədliyini irəli sürüb. Komissiyaya beş yer üçün doqquz ölkə namizəddir.

Demokrat.az-a açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib ki, Azərbaycanın BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) regional idarə heyətinə üzv olması isə çox əhəmiyyətli bir addımdır:

“Bu, ölkəmizin beynəlxalq turizm siyasətində daha fəal iştirak etməsinə, qərarların qəbulunda söz sahibi olmasına və beynəlxalq tədbirlərin Azərbaycana yönləndirilməsinə zəmin yaradır. Eyni zamanda bu cür mötəbər beynəlxalq platformalarda iştirak turizmin inkişafına, investisiya və əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcək. Yaxın illərdə bunun müsbət nəticələrini daha aydın görəcəyik. Bununla yanaşı, Kənan Quluzadə də uzun illərdir Turizm Agentliyində müxtəlif mühüm vəzifələrdə çalışır və hazırda aparat rəhbəri kimi fəaliyyət göstərir.  Onun xarici dil bilməsi, ölkəmizi beynəlxalq səviyyədə təmsil etməsi bu sahədəki peşəkarlığını göstərir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top