“Tərbiyəçilərin işə qəbulu və fəaliyyəti ilə bağlı sistem yenidən qurulmalıdır” — Uşaq bağçalarında nə baş verir?

GÜNDƏM 10 iyun 2025, 12:05
Son dövrlər uşaq bağçalarında tərbiyəçilərin uşaqlara qarşı fiziki və psixoloji zorakılıq halları ilə bağlı bir neçə təkzibolunmaz faktlar aşkarlanıb. Bu faktlar cəmiyyətdə ciddi narahatlıq doğurmaqla yanaşı, valideynlər arasında məktəbəqədər təhsil müəssisələrinə inamı sarsıdır.

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu bununla bağlı Demokrat.az-a açıqlama verib. 

O deyib ki, uşaq bağçalarında baş verən fiziki və psixoloji zorakılıq halları təkcə həmin müəssisələrin deyil, bütövlükdə təhsil və tərbiyə sisteminə olan ictimai inamı sarsıda bilər:

“Bu kimi halların qarşısının alınması üçün kompleks və sistemli yanaşma zəruridir. Əsas məsələlərdən biri də müşahidə və nəzarət mexanizmlərinin gücləndirilməsidir. Hazırda bir çox bağçalarda müşahidə kameraları ya ümumiyyətlə yoxdur, ya da yalnız müəyyən sahələri əhatə edir. Halbuki uşaqların olduqları bütün otaqlarda kameralar quraşdırılmalı və bu görüntülər valideynlər və müvafiq nəzarət orqanları üçün əlçatan olmalıdır. Xüsusilə dövlət baxçalarında bu sistemin tətbiqi çox zəifdir. Bundan əlavə, müstəqil monitorinq mexanizmi də tətbiq olunmalıdır. Bu məqsədlə ictimai nəzarət qrupları, psixoloqlar və uşaq hüquqları üzrə ekspertlər mütəmadi olaraq baxçalarda yoxlamalar aparmalıdırlar”. 

Ekspert diqqətə çatdırıb ki, tərbiyəçilərin seçimi və işə qəbul prosesi də ciddi şəkildə təkmilləşdirilməlidir:

“Onlar yalnız test və qısa müsahibə ilə deyil, psixoloji və nevroloji müayinədən keçməlidirlər. Etik davranış bacarıqları yoxlanmalı, onların uşaqlarla işləməyə psixoloji dayanıqlılığı araşdırılmalıdır. Zorakılıq halları sübut olunarsa, tərbiyəçilər yalnız işdən azad edilməklə kifayətlənməməli, həm də hüquqi məsuliyyətə cəlb olunmalıdır. Bu cür halların aşkarlanması və qarşısının alınması üçün valideynlərə anonim şəkildə şikayət etmə imkanı verən qaynar xətlər və təhlükəsiz elektron platformalar yaradılmalıdır. Valideynlərin marifləndirilməsi də mühüm məsələdir. Onlar uşaq hüquqları, erkən zorakılıq əlamətləri və psixoloji dəyişikliklər haqqında məlumatlandırılmalı, prosesə daha aktiv cəlb edilməlidirlər. Eyni zamanda, bəzi uşaqların ailələrində olan psixoloji və sosial problemlər onların davranışına mənfi təsir göstərir. Bu tip halların da diqqətdən kənarda qalmaması üçün psixoloq dəstəyi artırılmalıdır. Ümumilikdə, bağçalarda sağlam və təhlükəsiz mühitin yaradılması üçün müşahidə, nəzarət, təlim, hüquqi tənzimləmə və ictimai iştirakı özündə birləşdirən kompleks yanaşmaya ehtiyac var. Tərbiyəçilərin işə qəbulu və fəaliyyəti ilə bağlı sistem müasir standartlara uyğun yenidən qurulmalıdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyun 2025, 22:13
Top