Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?

SOSİAL 07 iyun 2025, 20:08
"2024-cü ildə ali təhsil müəssisələrindən 14 min tələbənin uzaqlaşdırılması faktı Azərbaycanın ali təhsil sistemində sosial-iqtisadi bərabərliyin təminində və tələbə rifahı siyasətində ciddi struktur boşluqlarının mövcudluğunu göstərir. Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalında yer alan məlumata görə, bu tələbələrdən 10 min 746 nəfəri təhsil haqqını ödəyə bilmədiyi, dərs buraxdığı və ya şəxsi xahişi ilə təhsildən imtina etdiyi üçün universitetlərlə yollarını ayırıb. Təhsil haqqı problemi və davamiyyətsizliyə görə ali təhsildən uzaqlaşma hallarının bu qədər geniş miqyasda olması, tələbə kreditləri sisteminin və sosial dəstək mexanizmlərinin funksionallığının yetərsiz olduğunu ortaya qoyur". 

Bu sözləri "Yeni Sabah"a təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda tələbələrin təhsil xərclərini ödəmək məqsədi ilə yaradılmış Təhsil Tələbə Krediti Fondu 2021-ci ildən fəaliyyət göstərir:

"Təhsil Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin sonunadək fond 19 mindən çox tələbəyə kredit ayırıb və ümumi portfel 87 milyon manata yaxınlaşıb. Lakin bu rəqəm universitetlərdə ödənişli əsaslarla təhsil alan 120 mindən artıq tələbənin cəmi 15%-ini əhatə edir. Üstəlik, fondun təklif etdiyi kreditlər iki kateqoriyada – sosial və standart kreditlər üzrə həyata keçirilir.

Sosial kreditlər yalnız ailə gəliri 500 manatdan az olan tələbələrə, şəhid və müharibə veteranı ailəsinə mənsub, habelə əlilliyi olan şəxslərə verilir. Bu meyar digər ehtiyaclı tələbələri əhatədən kənarda saxlayır.

“Təhsil haqqında” Qanununun 18.4-cü maddəsində bildirilir ki, dövlət təhsilalanlara təhsil müddətində sosial müdafiə tədbirləri, o cümlədən təqaüdlər, güzəştlər və digər maddi yardımlar tətbiq edə bilər. Lakin “edə bilər” ifadəsi hüquqi öhdəlik yaratmadığından, dövlətin bu sahədə fəaliyyəti tam sistematik və məcburi xarakter daşımır.

Nəticədə, tələbələr arasında sosial və maliyyə imkanlarına görə təhsildən uzaqlaşma halları geniş yayılır.

Ali təhsilin ödənişli forması ilə tədris olunan ixtisasların artması, xüsusilə də regional universitetlərdə təhsil alan tələbələr üçün təhsil xərclərinin yüksək olması bu problemin kəskinləşməsinə səbəb olur. Ölkədə orta statistik bakalavr təhsil haqqı illik 2.000-3.000 manat arasında dəyişir. Bu, aylıq gəliri 500 manatdan aşağı olan ailələr üçün ciddi yükdür.

Məlum mənzərə fonunda kredit fondunun bürokratik müraciət prosedurları, kreditlərin təsdiqlənmə müddətinin uzunluğu və tələbələrin bu imkanlardan xəbərsizliyi əlavə risk faktorları yaradır. Müsbət tərəf ondan ibarətdir ki, 2023-cü ildən etibarən sosial tələbə kreditlərinin illik faiz dərəcəsi sıfır faiz olaraq təyin edilib və bu kreditlərin geri ödənişi məzun olduqdan 2 il sonra başlayır. Eyni zamanda, kreditlər yalnız təhsil haqqını əhatə edir və yaşayış, qida və nəqliyyat xərcləri nəzərə alınmır. Yəni tələbələrin ümumi maliyyə yükünü azaltmaqda yetərli deyil. Bir çox tələbə yalnız təhsil haqqını deyil, gündəlik xərclərini də qarşılaya bilmədiyi üçün dərs buraxmalı və son nəticədə ali təhsildən uzaqlaşmalıdır".

Ekspert qeyd edib ki, mövcud vəziyyət davam edərsə, bu, ali təhsilə çıxışda sosial ədalətsizliyin dərinləşməsi, regional və kasıb ailələrdən olan tələbələrin sistemdən sıxışdırılması və təhsilin kommersiyalaşması ilə nəticələnəcək:

"Mövcud vəziyyət davam edərsə, bu, ali təhsilə çıxışda sosial ədalətsizliyin dərinləşməsi, regional və kasıb ailələrdən olan tələbələrin sistemdən sıxışdırılması və təhsilin kommersiyalaşması ilə nəticələnəcək. Bu həm də əmək bazarında qeyri-bərabərliyi artıracaq və ali təhsilli gənclərin sayında azalma ilə nəticələnəcək. Sistemdə dəyişiklik üçün tələbə kreditlərinin əhatə dairəsi genişləndirilməli, sosial vəziyyətə görə yox, ehtiyac əsaslı model tətbiq olunmalıdır.

Təhsilhaqqı gecikməsi ucbatından dərsdən çıxarılma qərarı avtomatik yox, sosial xidmətlərlə əlaqələndirilmiş vəziyyətdə qəbul edilməlidir. Kreditlər yalnız təhsil haqqı deyil, həm də yaşayış və tədris materialları kimi digər əsas ehtiyacları da əhatə etməlidir. Universitetlər daxili təxirə salma və ya hissə-hissə ödəniş modelləri yaratmalıdır.

Eyni zamanda, tələbələrin işlə təminatı və təcrübə proqramlarında iştirakı üçün ödənişli imkanlar yaradılmalıdır. Nəticə etibarilə, tələbələrin maddi sıxıntılar səbəbindən təhsildən uzaqlaşdırılması ali təhsilin keyfiyyətindən çox onun əlçatanlığına zərbə vurur. Buna görə də, sosial və maliyyə dəstək sistemləri yalnız yardım mexanizmi yox, ali təhsilin davamlılığı üçün strateji alət kimi formalaşdırılmalı və dövlət siyasətinin mərkəzinə çevrilməlidir".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova vurğulayıb ki, tələbələrin öz xərclərini ödəməsi üçün universitetlər də müəyyən işlər görə bilər:

"Uşaqlar böyük ümid və arzularla ali məktəblərə daxil olurlar. Xüsusən, maddi sıxıntlar ucbatından ali məktəbləri tərk etmələri ürəkaçan fakt deyil. Əslində, tələbə sırf maddiyyata görə təhsili yarımçıq qoyursa, bunun üçün tələbə kreditləri var. Bu kreditlərin olduqca yaxşı şərtləri olur. Tələbə kreditləri tələbələrin müəyyən xərclərini ödəmək imkanına malikdir. Son instansiya kimi bir çoxu bu kredit növünə müraciət edə bilər.

Düşünürəm ki, hər bir ali təhsil ocağının kitabxanalarında, yaradıcılıq mərkəzlərində tələbələrə müəyyən işlər təklif oluna bilər ki, dərsdən sonra əlavə işlə təmin olunsunlar. Bu isə onlara öz tələbatlarını ödəmələri üçün çox əlverişli olar. Yaxud müəyyən hallarda repetitorluq etməklə, onlayn işlərdən yararlanmaqla, tərcümə, dizayn məsələləri və s. tələbələr müəyyən bir müddət ərzində öz sıxıntılarını aradan qaldıra bilər. Eyni zamanda, yaxşı oxuyan tələbələrə prezident təqaüdləri ayırmaq olar, yaxud ali məktəblərin özündə təqaüd proqramlarını sosial vəziyyətə, fəallığa görə və s. təkmilləşdirmək olar. Bu, həm tələbələr arasında yaxşı oxumağa həvəsi artırar, həm də rəqabət mühiti formalaşdırar.

Həmin yöndə atıla biləcək uğurlu addımlardan biri də o ola bilər ki, tələbə kartından istifadə etməklə tələbələr nəqliyyat xərcindən azad olsunlar, yaxud kirayə xərcinin ödənişində və yeməkxanalarda müəyyən güzəştlər tətbiq edilsin. Fikrimcə, bütün hallarda ilk növbədə tələbənin qarşısında duran əsas məqsəd oxumaqdırsa, ona yardımçı ola biləcək bütün vasitələrin reallaşmasına kömək etməliyik".

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın ali təhsil müəssisələrində ümumilikdə 67 842 tələbə təhsil alıb. Onların 14 min nəfəri müxtəlif səbəblərdən təhsildən uzaqlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyun 2025, 21:02
Top