Politoloq: "BMT kimi qurumlar olsa da, onların arxasında görünməyən qüvvələr mövcuddur"

GÜNDƏM 05 iyun 2025, 18:10
"Bu konfrans çox vacib bir hadisədir. Çünki Azərbaycan artıq bir neçə il bundan qabaq Bakı Təşəbbüs Qrupunu yaratdı. Bizi artıq dünya çox konstruktiv mövqedə olan bir məmləkət kimi tanıyır. Çünki biz dörd il ərzində Qoşulmama Hərəkatına sədrilik etdik. Bu dövrdə yeni formatlar yaradaraq insanlara yardım göstərdik. 80 ölkəyə yaxın biz yardım əli uzatmışıq".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

"Bu göstərir ki, Azərbaycan dövləti çalışır ki, qlobal arenada sabitliyi qoruyub saxlasın və böyük dövlətlərin diqqətini çətin vəziyyətdə olan xalqlara yönəltsin. Bəli, dünyada ikili standartlar, yalançı yanaşmalar mövcuddur. Biz bunu öz təcrübəmizdə gördük — bəzi siyasi institutlar, liderlər riyakarlıqla çıxış etdilər, yalanı həqiqətin qarşısına çıxartdılar".

O bildirib ki, Azərbaycanın bu istiqamətdəki fəaliyyəti Dünya Birliyi üçün yeni bir intibah dövrünü yaxınlaşdırır:

"COP29 zamanı biz xüsusi bir meydan yaradaraq, 10 dənizkənarı ölkənin liderlərini tribuna ilə təmin etdik və onların səsi dünya tərəfindən eşidildi. BMT kimi qurumlar olsa da, onların arxasında görünməyən qüvvələr mövcuddur, biz isə real olaraq bu ölkələrin tribuna qazanmasına şərait yaratdıq.

Onlar bildirdilər ki, Fransa, Niderland kimi dövlətlər onların sərvətlərini mənimsəyir, onların səsləri eşidilmir. Azərbaycan bu xalqlara dəstək verir və ən önəmlisi kommunikator rolunu oynayır.

Bu konfrans da bir daha göstərir ki, Azərbaycan qaydaları pozan dövlətlərə qarşı çıxış edir, onların üstün texnologiya və ordularından dolayı yaratdığı təzyiqlərə qarşı səsini ucaldır. Azərbaycanın yürütdüyü siyasət ardıcıl və məqsədyönlüdür".

Onun sözlərinə görə, əzilmiş xalqlara, haqqı pozulmuş cəmiyyətlərə diqqət yetirən Azərbaycandır: 

"Korsika nümunəsi göstərir ki, Fransa öz daxilində belə insanlara ana dilində danışmağa imkan vermir. Onların təbliğ etdiyi demokratiya əslində bir vasitədir — azadlıq deyil, zorakılıqdır.

Azərbaycan isə bu zorakılıq və təzyiqlərin qarşısında əzilmişlərin səsini dünya birliyinə çatdıran ölkədir. Gerçək demokratiyanın carçısı Azərbaycandır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top