Xəbər verdiyimiz kimi, Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının ötən günlərdə keçirilən qurultayında qalmaqal yaşanıb. Partiyanın yeni sədrinin kim olacağı məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı müşahidə olunub. Qurultay zamanı Fəzail Ağamalı ilə oğlu arasında gərginlik yaranıb və mühafizəçilərin müdaxiləsi nəticəsində ata və oğul bir-birindən uzaqlaşdırılıb.
32gun.az sabiq bağça müdiri olan, deputat Günay Ağamalının rəhbərlik etdiyi müəssisə ilə bağlı araşdırma aparıb. Əldə etdiyimiz məlumata görə, “BUTA” Körpələr Evi Uşaq Bağçası hazırda da Günay Ağamalı Fəzail qızına məxsusdur. Bu məlumat Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestrində də öz əksini tapır. Belə ki, nizamnamə kapitalı 20 manat olan “BUTA” Körpələr Evi Uşaq Bağçasında qanuni təmsilçi kimi Günay Ağamalı Fəzail qızı göstərilir.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasında deputatlığa namizədlər üçün müəyyən şərtlər nəzərdə tutulub. Konstitusiyanın 85-ci maddəsinin 2-ci bəndinə əsasən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisə deputat seçilə bilməzlər. Həmçinin Konstitusiyanın 89-cu maddəsində deputat mandatından məhrumetmə və səlahiyyətlərin itirilməsi ilə bağlı əsaslar göstərilir. Həmin maddənin 4-cü bəndində qeyd olunur ki, dövlət orqanlarında vəzifə tutan, din xadimi olan, sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olan şəxslərin deputat mandatı ləğv edilir.
Bundan əlavə, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinin 2-ci hissəsinə görə, dövlət orqanları və qurumlarının vəzifəli şəxslərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır.
Xatırladaq ki, Günay Ağamalı 1 sentyabr 2024-cü il tarixində keçirilən parlament seçkilərində 65 saylı Salyan–Biləsuvar–Neftçala seçki dairəsindən deputat seçilib.