Pensiya yaşı bu aydan artırılır: 64 yaşında vəfat edən birinin pulu niyə batmalıdır ki?

SOSİAL 04 iyun 2025, 18:41
"Azərbaycanda pensiyaya çıxmaq yaşı ətraf ölkələrdən və dünyanın bir çox ölkələrindən çoxdur. Son açıqlanan siyahıya əsasən Avropanın ən az ömürlü ölkəsi hesab edilirik. Sovet dövründə uzunömürlü xalq hesab olunmağımıza baxmayaraq kişilər 60, qadınlar 55 yaşında pensiyaya ayrılırdı. İndi qadınların yaş minimumu 10 il, kişilərinki 5 il artırılıb".

Bu sözləri Demokrat.az-açıqlamasında sosioloq Elçin Bayramlı deyib. 

O bildirib ki, rəsmi statistikaya əsasən, kişilərin təxminən 47%-i 65 yaşına çatmadan vəfat edir:

"Bu, bir çox insanın pensiya almağa başlamadan əvvəl vəfat etdiyini göstərir. Ölkəmizdə 60-dan yuxarı yaş minimumunu ədalətsizlik hesab edirəm. Hazırda Azərbaycanda vəfat edən şəxsin pensiya kapitalı onun ailəsinə və ya varislərinə verilmədiyi üçün bu vəsait dövlətə keçir. Məsələn, bəzi ölkələrdə vəfat edən şəxsin pensiya kapitalı onun ailəsinə ötürülür. Bu, kişilər üçün pensiyaya çıxdıqdan sonra orta hesabla 6 il, qadınlar üçün isə 13 il pensiya almaq deməkdir. 60 yaşdan sonra pensiya vermək heç verməmək deməkdir".

Sosioloqun sözlərinə görə, pensiya şəxsin özünün zəhməti ilə fonda yığılan vəsaitdir:

"Hər bir kəs ən az 17 il pensiya almalıdır. 64 yaşında vəfat edən birinin pulu niyə batmalıdır ki?

Əlavə olaraq, özəl pensiya fondlarının yaradılması insanların öz vəsaitlərini daha effektiv idarə etməsinə və ailələrinin maliyyə təhlükəsizliyini təmin etməsinə kömək edə bilər. Özəl fondlara yığılan pullar ildən-ilə artacaq, vətəndaş istədiyi zaman vəsaitdən istifadə edəcək. İnsanlar ömür boyu pul yığır, vaxtından əvvəl rəhmətə getdikdə isə pul batır".

Qeyd edək ki, qanuna əsasən hər il qadınların pensiya yaşı 6 ay artırılır. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top