"Minifutbolun uğuru ümumilikdə futbolun inkişafına ciddi təkan verəcək"

İDMAN 02 iyun 2025, 17:51
"Azərbaycan minifutbol millisinin Dünya Çempionu olması ölkəmizin idman tarixində xüsusi bir hadisədir. Bu qələbə yalnız bir idman uğuru deyil, həm də illərdir formalaşmış stereotiplərin qırılması baxımından mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan ənənəvi olaraq daha çox fərdi idman növlərində – güləş, ağırlıqqaldırma, cüdo və digər sahələrdə nailiyyətlər əldə etmişdir. Komanda idman növlərində isə belə böyük uğurlar nadir hallarda baş verib".

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış idman jurnalisti, “Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev deyib.

O bildirib ki, bu baxımdan, minifutbol üzrə milli komandamızın dünya çempionluğu təkcə idman yox, həm də sosial və psixoloji bir dönüş nöqtəsidir:

"Komandamız 2022-ci ildə Avropa Çempionu olduqda bu nəticə bir sensasiya kimi qəbul edilmişdi. Lakin ötən illərdə görülən məqsədyönlü işlər göstərdi ki, bu uğur təsadüf deyildi. Minifutbol Federasiyası bu prosesi düzgün idarə etdi və komanda ardıcıl şəkildə uğurlar qazandı.

Dünya Çempionatında Azərbaycan komandası Asiya, Afrika və Avropanın güclü komandalarını məğlub edərək finala yüksəldi və orada da Macarıstan üzərində inamlı qələbə qazanaraq çempionluğu bayram etdi. Bu uğur, peşəkar məşqçilik, təşkilatçılıq və komanda ruhunun sintezinin nəticəsi idi".

Onun sözlərinə görə, yarışın Bakıda yüksək səviyyədə təşkili də ayrıca təqdirəlayiqdir:

"Tamamilə yerli futbolçulardan ibarət olan bu komanda, milli ruh və birlik hissi ilə bir araya gəlib bu nəticəni əldə etdi. Bu həm də göstərdi ki, milli uğurlar üçün xarici oyunçulara ehtiyac olmadan da nəticə qazanmaq mümkündür.

Bu tarixi qələbə həm idman ictimaiyyətimiz, həm də ölkəmiz üçün yeni bir mərhələnin başlanğıcı ola bilər. Minifutbolun uğuru, böyük futbola da motivasiya verəcək, valideynlərin uşaqlarını futbola yönəltməsinə səbəb olacaq və ümumilikdə futbolun inkişafına ciddi təkan verəcəkdir.

Azərbaycan Minifutbol Millisini, məşqçilər heyətini, federasiyanı və bütün azarkeşləri bu möhtəşəm uğur münasibətilə ürəkdən təbrik edirik. Bu qələbə Azərbaycan idmanının parlaq gələcəyinə atılmış güclü bir addımdır".



Əfsanə Kamal 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top