Çalışmaq lazımdır ki, abituriyentlər səhv suallarla qarşılaşmasın — Ekspert

GÜNDƏM 02 iyun 2025, 16:56
Ötən gün keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə yol verilib. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək. Həmin sual düzgün cavablandırılmış kimi qeyd ediləcək. 

Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, ötən gün keçirilmiş I və IV ixtisas qrupları üzrə imtahanda I qrup üzrə təqdim olunan suallardan birində texniki xəta olduğu müəyyən edilib:

“Bu, Dövlət İmtahan Mərkəzinin (DİM) əvvəlki təcrübəsinə əsasən, abituriyentlərin xeyrinə həll edilən hallardan biridir. Belə hallarda, adətən, müvafiq sual hamı üçün düzgün cavablandırılmış kimi qiymətləndirilir və bu da abituriyentlərin nəticəsinə müsbət təsir edir. Nəzərə almaq lazımdır ki, bu cür texniki xətalar, hərçənd arzuolunmazdır, amma minlərlə iştirakçının qatıldığı kütləvi imtahanlarda bəzən qaçılmaz olur. İmtahan suallarının hazırlanması və texniki baxımdan yoxlanması mərhələsində maksimum diqqət göstərilsə də, nadir hallarda belə hallar yaşana bilər. Texniki xətaya yol verilmiş sualla qarşılaşan abituriyent sual üzərində əlavə vaxt sərf edir, cavabı tapa bilmədiyindən ümumi imtahan ritmini itirə bilər. Buna görə də həmin sualın abituriyentlərin xeyrinə qiymətləndirilməsi ədalətli bir yanaşmadır. Əsas məsələ bundan sonra bu cür halların minimuma endirilməsi, imtahan iştirakçılarının stress və qeyri-müəyyənliklə qarşılaşmaması üçün daha dəqiq texniki yoxlamaların aparılmasıdır”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top