Qərbdən Ukraynaya “YAŞIL İŞIQ” — Savaş yeni mərhələyə QƏDƏM QOYUR...

DÜNYA 28 may 2025, 19:17
Trampın atəşkəs səylərinə rəğmən Ukrayna müharibəsi deyəsən daha kəskin xarakter almağa başlayır. Belə ki, son proseslər fonunda Almaniya, Böyük Britaniya, Fransa və ABŞ Ukraynaya tədarük edilən silahların mənzilinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Bu barədə Almaniya Kansleri Fridrix Merts WDR teleradio şirkətinin təşkil etdiyi forumda çıxışı zamanı məlumat verib.

"Ukraynaya tədarük edilən silahlar üçün artıq heç bir mənzil məhdudiyyəti yoxdur. Nə Böyük Britaniya, nə Fransa, nə də bizim tərəfimizdən. ABŞ tərəfindən də yoxdur", - deyə Merts bildirib.

Kanslerin sözlərinə görə, bu o deməkdir ki, Ukrayna məsələn, Rusiyadakı hərbi mövqelərə hücum etməklə özünü müdafiə edə bilər. O əlavə edib ki, bir müddət əvvəl bu mümkün deyildi - çox nadir istisnalar olmaqla.

Qeyd edək ki, Fransa, ABŞ və Böyük Britaniya hələ 2024-cü ilin noyabrında Kiyevə verilən uzaqmənzilli silahlar, xüsusən də ABŞ-nin ATACMS raketləri və İngiltərə-Fransa istehsalı olan "Storm Shadow"larla Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə vermişdi. Kansler Olaf Şoltsun dövründə Almaniya Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli "Taurus" raketlərinə tədarük etməkdən imtina etmişdi.

Beləliklə, Qərb Ukraynaya qoyulan bütün silah məhdudiyyətlərini aradan qaldırdı.

Belə vəziyyətdə proses hansı istiqamətdə cərəyan edə bilər? Savaş növbəti mərhələyə keçir?

Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirir ki, Ukraynaya Qərbin qoyduğu silah məhdudiyyətinin götürülməsi Rusiya ilə savaşın yeni müstəviyə keçməsi demək olacaq:

“Yeni strateji silahların gəlməsi, onun vurma məsafəsinin 300-500 km. həddində olması hesablamalara görə, müharibədə dönüşə səbəb ola bilər. Rusiyanın uzaq mənzilli raketləri atmasının qarşılığında Ukrayna bu ordunun təminat və təchizat yollarını vura bilmirdi. Amma bundan sonra Ukrayna Rusiyanın dərinliklərinə doğru belə əməliyyatları həyata keçirməyə imkan qazanacaq.

Belə olduqda isə müharibənin uzanması və Rusiyanın qalib gəlməməsi də mümkündür. Avropada 4 ölkənin formalaşdırdığı koalisiya nəticəsində Rusiyanı daha sarsıdıcı silahlarla savaşa cəlb etmək mümkün olacaq”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top