Cahil insanların ucbatından COVİD-19 hələ də var — Adil Qeybulla

SOSİAL 21 may 2025, 12:36
Asiyanın sıx məskunlaşan şəhərləri olan Honq-Konq və Sinqapurda Covid-19 hallarının yenidən artması, bölgədə yeni dalğanın yayıldığını təsdiqləyir. Bu artım şimal yarımkürəsinin yay fəslinə qədəm qoyduğu bir dövrdə baş verir və virusun isti havalarda belə yayılmaq qabiliyyətini ortaya qoyur. 

Covid-19 geri qayıdır?

Tanınmış həkim Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, Dünya Səhiyyə Təşkilatının (DST) rəsmi bəyanatına əsasən, COVİD-19 pandemiyası qlobal səviyyədə bitmiş elan olunub:

“Lakin virusun tamamilə yox olması hələ baş verməyib və bəzi yerlərdə epidemiya ocaqları fəaliyyətini davam etdirir. Pandemiyanın başlanğıcında beynəlxalq səviyyədə koordinasiyanın və adekvat cavab tədbirlərinin olmaması, infeksiyanın qısa müddətdə sürətlə yayılmasına səbəb olub. Bu vəziyyət, xüsusilə DST-nin moderator rolunu effektli şəkildə yerinə yetirə bilməməsi ilə əlaqələndirilir. Hazırda virusun "Omikron" variantının mutasiya olunmuş formaları bir sıra ölkələrdə dövri olaraq yenidən yoluxma hallarına səbəb olur. 

İmmuniteti zəif şəxslər, xroniki xəstəliklərdən əziyyət çəkənlər, HIV daşıyıcıları kimi qruplarda virusun mutasiyaya uğrama ehtimalı yüksək olaraq qalır. Pandemiyanın uzanmasının əsas səbəblərindən biri kimi vaksinasiya prosesinə qarşı aparılan dezinformasiya kampaniyaları və bəzi vətəndaşların vaksin olunmaqdan yayınması göstərilir”. 

Həkim qeyd edib ki, bütün nöqsanlara baxmayaraq, vaksinasiya infeksiya zəncirinin qırılmasına və pandemiyanın başa çatmasına mühüm töhfə verib:

“Gələcəkdə bənzər pandemiyaların qarşısını almaq üçün ictimai maarifləndirmə işləri gücləndirilməli, səhiyyə sahəsində inzibati və hüquqi nəzarət mexanizmləri təkmilləşdirilməlidir. 

DST-nin proqnozlarına əsasən, yaxın gələcəkdə yeni bir qlobal qrip pandemiyasının baş verməsi ehtimal olunur. Bu baxımdan mütəxəssislər həm ictimai, həm də dövlət strukturlarını qabaqlayıcı tədbirlər görməyə çağırırlar. Bir digər vacib məsələ isə vaksinasiya ilə bağlıdır. 

Təəssüf ki, bəzi insanlar bu prosesi ya qəbul etmədi, ya da bilərəkdən ona qarşı yanlış təbliğat apardı. Bu isə yoluxmaların qarşısının alınmasına ciddi mənfi təsir göstərdi. Vaksinasiya prosesi nə qədər uğurlu olsa da, kifayət qədər insan vaksin olunmadığı üçün infeksiya tam məhdudlaşdırıla bilmədi. 

Əslində, pandemiya ilə mübarizədə vaksinasiya əsas vasitə oldu və infeksiya zəncirini qırmaqda həlledici rol oynadı. Amma bir çox hallarda saxta vaksin sertifikatları alındı, insanlar vaksin olunmadan bu sənədlərə sahib oldular. Bu da virusa qarşı kollektiv immunitetin formalaşmasına əngəl yaratdı. 

COVİD-19 və onun törətdiyi fəsadlar bir daha göstərdi ki, bu cür qlobal sağlamlıq böhranlarına qarşı bütün dövlət orqanları, cəmiyyət və vətəndaşlar birgə səfərbər olmalıdır. 

Eyni zamanda, dezinformasiya yayan, təxribatla məşğul olan şəxslərə qarşı da ciddi tədbirlər görülməlidir”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top