Astarada yeznə-qayın arasında qanlı DAVA

KRİMİNAL 16 may 2025, 16:53
Astara rayonunda yeznə-qayın arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Astara rayonunun Xıçəso kəndində baş verib. 

Rayonun Ovala kənd sakini, 1988-ci il təvəllüdlü Mübariz qayını Adil (adlar şərtidir – red.) ilə arasında yaşadığı evdə şəxsi münasibətlər zəmində baş verən mübahisə zamanı onun sol əlinə meyvə bıçağı ilə vurub. 

Hadisəni törədən Mübarizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Astara rayonunun Ovala kəndində yaşayır, evlidir, 1 uşağı var və rəsmi olaraq heç bir yerdə işləmir: “Zərərçəkmiş Adil mənim arvadım Fatimənin qardaşıdır. Fatimə xəstə olduğu üçün qardaşı Adilin evinə getdi. Arvadım Fatimə evə qayıtmadığı üçün hadisə günü saat 21:00-da içkili vəziyyətdə Astara rayonunun Xıçəso kənd sakini Adilin yaşadığı evə getdim. Adilin evində olan zaman arvadım ilə evə qayıtmadığına görə mübahisə etdim. Həmin vaxt Adil içkili olduğumu gördü və məni evdən çıxartmaq istədi. Aramızda mübahisə yarandı və stolun üstündə olan meyvə bıçağını götürərək qaynımın sol əlinə xəsarət yetirdim. Sonra isə onun yaşadığı evindən çıxaraq getdim. Yolda gedən zaman əlimdə olan meyvə bıçağını yol kənarına tulladım”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Adilin sözlərinə görə, Astara rayonunun Xıçəso kəndində ailəsi ilə birlikdə yaşayır: “Ovala kənd sakini Mübariz bacım Fatimənin əridir. Bacım bizə qonaq gəldi və müalicə almaq üçün bir müddət bizdə qaldı. Məlum hadisə günü, saat 21 radələrində Astara rayonunun Xıçəso kəndində yaşadığım evdə olan zaman təqsirləndirilən şəxs içkili vəziyyətdə evimə gəldir. Bir müddət sonra Fatimə ilə Mübariz mübahisə etməyə başladı. Onları sakitləşdirmək istəyən zaman Mübariz içkili vəziyyətdə ünvanıma nalayiq ifadələr işlətdi. Bundan sonra aramızda mübahisə yarandı. Mübahisə zamanı Mübariz masadan götürdüyü meyvə bıçağı ilə sol əlimə xəsarət yetirdi. Daha sonra yaşadığım evdən getdi”. 

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin Mübariz 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Astara və Lənkəran rayonları ərazi hüdudlarını tərk  etməmək, yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top