Mənzil almaq istəyənlərin nəzərinə! — Yaxın vaxtlarda qiymətlər belə olacaq

İQTİSADİYYAT 14 may 2025, 18:14
2024-cü ilin aprelindən 2025-ci ilin aprelinə qədər olan dövrdə orta qiymətlərdə ikirəqəmli artım faizi (təxminən 10-15%) qeydə alınıb, bazarda durğunluq müşahidə olunan qısa mərhələlər istisna olunmaqla ümumi trend bahalaşma yönündə olub. Xüsusilə, yeni tikili mənzillər segmentində yüksək tələbat qiymətləri sürətlə artırıb. Bazarın canlanması nəticəsində satışa çıxarılan mənzillərin sayı artsa da (təklif genişlənsə də), bu artım tələbi tam ödəmədiyi üçün qiymətlər yenə yüksəlib.  Beləliklə, 2025-ci ilin rübündə mənzil qiymətləri artımı ölkə üzrə istehlak inflyasiyasını 2,6 dəfə üstələyib.

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Demokrat.az-a açıqlama deyib ki, hazırkı şəraitdə Bakı və Abşeron yarımadasında mənzil qiymətlərində ucuzlaşma gözlənilmir:

“Əksinə, qiymətlərin artım tendensiyası davam edir və bu, həm tikinti sektorunun, həm də ümumi iqtisadi vəziyyətin göstəricisidir. bazarına təsir edən bir sıra faktorlar hələ də aktuallığını qoruyur və qiymətlərin artımına təkan verir. Bu amillər arasında torpaq çatışmazlığı, tikinti sahəsində məhdudiyyətlər və tələbin davamlı yüksək olması əsas rol oynayır. Bununla belə, orta və uzunmüddətli dövrdə müəyyən risklər istisna edilmir. 

Qlobal iqtisadi proseslər, ticarət müharibələri, enerji daşıyıcılarının qiymətinin azalması kimi faktorlardan doğan inflyasiya, stagflasiya və iqtisadi durğunluq Azərbaycanda da mənzil bazarına təzyiq göstərə bilər. Bu hal alıcılıq qabiliyyətini zəiflədə və qiymətlərdə müvəqqəti durğunluğa səbəb ola bilər. 

Belə bir prosesə daha əvvəl 2015-2016-cı illərdə də şahid olunmuşduq. Həmin dövrdə də qiymətlərdə qısa müddətli eniş müşahidə olunsa da, daha sonra artım tendensiyası davam etdi”.

Ekspert bildirib ki, hazırda bazarda tələb yüksək, təklif isə məhduddur:

“Statistikaya əsasən, hər il təxminən 50-60 min yeni ailə mənzil bazarına daxil olur ki, onların 90%-i mənzilsizdir. Əhalinin alıcılıq qabiliyyətində ciddi dəyişiklik baş vermədiyi müddətdə qiymətlərin artan xətt üzrə davam edəcəyi gözlənilir. Azərbaycanda adam başına düşən mənzil sahəsi MDB və Qafqaz ölkələri ilə müqayisədə daha aşağıdır. Tələbat isə əsasən Abşeron yarımadasında cəmlənib.  

Eyni zamanda, torpaq resurslarının məhdudluğu və yeni tikinti qaydalarının sərtləşməsi də təklifin genişlənməsinə əngəl yaradır. Bu isə qiymətlərin yaxın gələcəkdə ucuzlaşma ehtimalını minimuma endirir. Beləliklə, mövcud iqtisadi və sosial şərtlər nəzərə alındıqda, yaxın dövrdə Bakı və Abşeron yarımadasında mənzil qiymətlərində ucuzlaşma gözlənilmir. Əksinə, qiymətlərin artımı davam edəcək”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top