
Şəhərin müxtəlif yerlərində 3 manata kabab elanlarına rast gəlirik. Bu məbləğə kabab təklif edənlər hətta çörək və çatdırılmanı da pulsuz edirlər.
Bəs reallığa əsasən, ətin qiyməti baha olduğu zamanda kababçılar 3 manata kababı necə təklif edirlər?
Milli.Az xəbər verir ki, quzu ətinin qiyməti 20 manat, dana ətinin qiyməti 15 manat, antrikotun qiyməti isə 20 manatdır.
Satıcıların sözlərinə görə isə yaşlı mal ətinin qiyməti 11-12 manata olur. Körpə mallar 15-16 manatdır.
Kababçılar isə qiymətin ucuz olmasını ətin öz fermalarından gəldiyinə görə bildirirlər.
Məsələ ilə bağlı qida təhlükəsizliyi üzrə ekspert Seymur Qafarovun sözlərinə görə, kababların ucuz qiymətə satılmasının 2 əsas səbəbi ola bilər. Ya bu heyvanlar fermerlərdən çox ucuz qiymətə alınır, ya da ki o heyvanların yaşı çoxdan keçib. Yaşlı heyvanlar bazarda ucuz satılır. Digər məqam odur ki, ehtimal olunur ki, burda dondurulmuş ətdən və ya ölkəyə gələn Monqolustan ətindən istifadə edilsin. Bu ətlər öz ölkələrində bol olduğundan bizə çox ucuz qiymətə gəlir.
Ekspert qeyd edir ki, kababın qiyməti onun keyfiyyətinə zəmanət vermir. Alıcılar qidalanarkən satış yerinin gigiyena, qida təhlükəsizliyinə tələb edib-etmədiyinə diqqət etməlidirlər. Şübhəli hallara rast gəldikdə isə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməlidirlər.