İkinci Dünya müharibəsində Fransa və Azərbaycanın fərqi

XARİCİ SİYASƏT 09 may 2025, 16:20
Fransa Azərbaycan səfirini Qələbə Günü ilə bağlı tədbirə niyə dəvət etməyib?

Dünən KİV-də yayılmış bir xəbər diqqəti cəlb edirdi. “Fransa Azərbaycan səfirini Qələbə Günü ilə bağlı tədbirə dəvət etməyib” başlıqlı xəbərə istənilən halda laqeyd yanaşmaq mümkün deyildi. Əminəm ki, bu ölkəmizdə kimlərdəsə narazılıq, hiddət və nifrət hissi oyatsa da, bir qisim oxucuları da təəccübləndirib.

Əminəm ki, bu gün Azərbaycanda oxucuların böyük qismi bu hərəkəti, Fransanın, ilk növbədə də ölkə Prezidenti Emmanuel Makronun komandasının ucuz siyasi gedişi kimi qiymətləndirir və bunu artıq tarixi yaddaşa hörmətsizlik kimi görür.

Sirr deyil ki, bu gün “kiçik və ayağısürüşkən bacıları Ermənistana olan saxta sevgidən qaynaqlanan” Azərbaycana olan kin, nifrət rəsmi Parisi hər fürsətdə riyakarcasına və iyrənc formada ölkəmizi hədəfə almağa kökləyir. Fransaya rəhbərlik edənlər daxili və xarici problemlərini həll etmək əvəzinə, müstəqil xarici siyasət həyata keçirən dövlət olan Azərbaycana iftira, böhtan yağdırmaqdan usanmır.

Artıq Parisdə tarixin onlara sərf etməyən səhifələrini silmək dəb halını alıb. Ən acınacaqlısı odur ki, bu “siyasət” ən çirkin formada bütün sahələri əhatə etməkdədir. Hətta burada söhbət Avropanı faşizmdən xilas edən insanların şücaətindən getsə belə.

Amma gəlin etiraf edək Fransanın, onun prezidentinin bu və buna bənzər çirkin, qərəzli və ucuz əməlləri bizim üçün adiləşib, artıq biz rəzalətə alışmışıq, demək olar ki, xroniki hala çevrilmiş bu xəstəliyə qarşı imunitet qazanmışıq.

Məhz bu səbəbdən də bu mövzuya toxunmağa, vaxt ayırmağa ehtiyac belə yoxdur. Hesab edirəm ki, yayılan xəbərdə təəccüb doğuran məqam isə Fransanın sanki faşizm əleyhinə mübarizənin avanqardı, bu qələbənin sahibi, səbəbkarı  kimi aparmasıdır, sanki Avropanın «qəhvəyi vəbadan» qurtaran, dünayanı vahiməyə salan “hərb maşınını” məhv edən Fransa olub. 

Xüsusilə də son illərin təbliğatı, müasir texnoloji imkanlardan yararlanan, müxtəlif maliyyə və informativ resurslardan istifadə edərək əsl həqiqətləri kölgədə qoymaq, bəzi ölkələri, dövlətləri layiq olmadıqları xidmətlərı, uğurları özününküləşdirmək kimi cəhdlər, dünya ictimaiyyətində xüsisilə gənc nəsil arasında yanlış təsəvvürlər formlaşdırır.

Həyasızlıq o həddə çatıb ki, bu naliyyətdə, bu qələbədə özündən daha çox töhfəsi olan dövlətin nümayəndəsinə hörmətsizlik etmək cəsarərtin nümayiş etdirirlər. Hələ nəzərə alsaq ki, bu tarixi hadisədən vur-tut 80 il, zaman baxımdan çox bir az müddət keçib, hələ canlı şahidlər yaşayır, bəs əsrlər keçsə nə olacaq, bu həyasızlıq, riyakarlıq hansı həddə çatacaq?

Hər kəs bilməlidir ki, faşizm üzərində qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. Hətta Azərbaycanın töhfələri İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizə aparan dövlətlər sırasında göstərilən xidmətlərin önəminə, təsirinə, verilən irkilərin həcminə və s. görə ən üst cərgələrdə yazılmalı olan dövlətlərdəndir.

İkinci Dünya müharibəsi ərzində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə döyüşüb, həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Bunu dostlarımız bilir və etiraf edir, amma düşmənlərin də gözünə soxmaq üçün bəzi rəqəmləri təkrar-təkrar diqqətə çatdırmalıyıq.

Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də çox az sayda ölkələr etmişdir. Məlumdur ki, 1941–1945-ci illərdə respublikanın 600 mindən çox vətəndaşı cəbhəyə getmişdir, onlardan 300 mindən çoxu həlak olmuşdur.

Elə Fransanın özünün belə işğaldan azad olunmasında minlərlə  həmvətənimiz vuruşub və çoxu da canından keçib.  Eyni zamanda, 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü, Bakı  ölkə neftinin 70-75 % verirdi.

Müharibə illərində cəbhənin tələb etdiyi bütün benzinin 80-90 %-ni, sürtgü yağlarının 90 %-ni Azərbaycan təmin edirdi. Müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi.

Müharibədən sonrakı illər SSRİ-nin rəhbərlərinin biri etraf edirdi ki: 

“SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi”.

Bundan əlavə müharibə illərində Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilirdi. Hesab edirəm ki, burada Ümummilli Lider Heydər Əliyevin fikirlərini yada salmamaq olmaz:

"Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı".

Hələ istehsal edilən ərzaq və kənd təsəürrüfatı məhsullarını, vətəndaşlarımızın Müdafiə Fonduna keçirdikləri şəxsi vəsaitlərini və s. da əlavə etsək Azərbaycanın İkinci Dünya müharibəsində qələbəyə töhfəsi müqayisə olunmazdır.

Bəs Fransanın özünü belə təkəbbürlü aparmağa hansı əsasları var, onun İkinci Dünya müharibəsində hansı xidmətləri olub? Əlbəttə ki, biz oppanentlərimizdən fəqrli olaraq, haqsızlıq etmədən, Fransa xalqının apardığı mübarizəni, verdikləri itkiləri hörmətlə qeyd edərək, bəzi tarxi faktları da diqqətə çatdırmağ lazım bilirik.  

Əvvəlcə ondan başlayaq ki, İkinci Dünya müharibəsi ərəfəsində Fransa Polşa ilə mütəffiqlik münasibətlərində idilər. Yəni Fransa–Polşa ittifaqı rəsmi olaraq 1921-ci ilin 19 fevralında bağlansa da, bu əsas müqavilədən sonra Fransa və Polşa arasında ittifaqı möhkəmləndirən bir neçə əlavə sənəd də imzalanıb. Bu İttifaqın məqsədi Almaniya tərəfindən mümkün bir hücuma qarşı qarşılıqlı hərbi yardım və təhlükəsizlik təminatı vermək idi. 1939-cu ilin may ayında – Almaniya təhdidinin artması ilə əlaqədar Fransa və Polşa arasında siyasi və hərbi konvensiya imzalanıb.

Bu sənəddə, Almaniyanın hücumu halında qarşılıqlı yardım yenidən təsdiqlənib. 1 sentyabr 1939-cu ildə  Almaniyanın, sentaybrın 17-də isə SSRİ-nin Polşaya hücumundan və onun qısa müddətdə işğalından sonra•Fransa guya ki, müttəfiqlik öhdəliyini texniki olaraq yerinə yetirib müharibə elan etsə də, əslində Polşanı ciddi müdafiə etmədiyi və ona hər hansı bir hərbi yardım göstərmədiyi  üçün ittifaqın real dəyərinin olmadığı və lazımsız kağız parşasından başqa bir şey olmadığı aydın oldu. Bu hadisə, sonralar da Polşanın ciddi narazılığına səbəb oldu və Fransa-Polşa münasibətlərində uzun müddət dərin iz qoymuşdu.

Əslində yalnız bu  hadisənin özü belə dövlətlərarası münasibətlər tariixində tutarlı bir dərsi olmalıdır. Fransanın “sözdə deyil əməldə”, real mütəffiqliyi ilə bağlı “gözəl” nümunədir.

Az müddət sonra isə, müharibə artıq Fransanın öz qapısını döyməyə başladı. Belə ki, 1940-cı il, mayın 10-da alman qoşunlarının Fransaya, Belçika, Niderland və Lüksemburqa hücumu ilə tarixə “qəribə müharibə” adı ilə düşən hərbi əməliyyatlara başlandı. İlk Alman qoşunları 14 iyun tarixində Fransa paytaxtına girdi. 1940-cı ilin may-iyun aylarında Almaniya çox sürətli bir hücumla (Blitzkrieg) Fransa ordusunu darmadağın etdi.

22 iyun tarixində Fransa təslim oldu. Almaniyanın 1-ci Dünya müharibəsinin nəticəsi olaraq 1918-ci ildə təslim olduğu zaman istifadə edilən eyni dəmir yolu vaqonunda təslim sənədini imzalamaqla Fransanın alçaldılması tamamlandı. O dövrdə özünü güclü hesab edən Fransa ordusunun altı həftədə (42 gün, yəni 2 gün daha tez) məğlub olması hərb tarixinin ən diqqət çəkən məqamlarından biridir.

Fransa ilə Üçüncü Reyx arasında imzalanan müqaviləyə əsasən Fransa iki bölgəyə bölündü. Razılaşmaya görə bölgələrdən biri alman işğalı atında, digəri isə əslində almanlara bağlı olan, lakin kağız üzərində olsa da Fransanın nəzarəti altında qalırdı (marşal Filipp Petenin başçılıq etdiyi totalitar rejimin hakimiyyəti - Vişi rejimi). Bu kollaborasionist kukla dövlət İkinci dünya müharibəsində Berlin-Roma-Tokio xəttinə qoşuldu.

Bu hadisələr zamanı fransızların yalnız kiçik bir qrupu İngiltərəyə qaçıb general de Qollun başçılığı altında Azad Fransa hərəkatını yaratdılar. Bekləliklə də 1940-cı ildə də yalnız Böyük Britaniya Almaniya ilə müharibədə üz-üzə qalmışdı.

Əlbəttə bu tarixi hadisələr fonunda bu gün özünü demokrtaiya, insan haqları müdafiəçisi, böyük idealların daşıyıcısı kimi sırımağa çalışan Fransanın tarixində növbəti utancverici faktlardan birini - Fransa holokostunu və onun qurbanlarını yad etmədən keçmək haqsızlıq olardı.

1940 və 1944-cü illər aralığında işğal olunmuş Fransa ərazilərində yəhudilər təqib, deportasiya olunur və qətllərə məruz qalırdılar. Fransada yaşayan yəhudilərin təqib olunması prosesi hələ 1940-cı ildə başlamış və 1942-ci ildən 1944-cü ilin iyul ayına qədər Fransa yəhudilərinin Almaniya və Polşada yerləşən həbs düşərgələrinə aparılması prosesi ilə də özünün kuliminasiya nöqtəsinə çatmışdır. Bu illər ərzində 75 minə yaxın Fransa yəhudisi qətlə yetirlmişdir.

Fransa hökuməti və fransız tarixçiləri bu hadisələri daha çox nasits Almaniyasının ayağına yazsalar da, təkzibolumaz faktlarla sübut olunur ki, Fransada nasist Vişi rejimi və polis qüvvələri ölkənin müxtəlif yerlərində yaşayan yəhudilərin toplanması işi ilə məşğul idi. 

22 iyun 1940-cı ildə Üçüncü Reyx və fransız marşalı Filip Peten arasında imzalanmış məlum müqaviləyə şərtlərinə uyğun olaraq Fransanın yalnız Avropa hissəsi Almaniya tərəfindən işğal olunurdu. Vişi rejimi öz nəzarəti altında olan ərazilərdə anti-yəhudi hərəkətlərinin miqyasını getdikcə artırırdı.

1940-cı ildə Fransadakı nasist hökuməti tərəfindən "Yəhudilərin statusu" adlı qanun qəbul edildi. Qanunun 9-cu bəndinə əsasən bu status Fransanın bütün müstəmləkələrində (Əlcəzair, Mərakeş, Tunis) yaşayan yəhudilərə aid edilirdi.

1941-ci ilin martında  ölkədə anti-yəhudi təbliğatınınn həyata keçirilməsi və yəhudilərə qarşı müəyyən tədbirlərin görülməsi işləri ilə məşğul olan Yəhudi İşləri üzrə Baş Komissarlıq yaradıldı. Bu kimi faktlar sübut edir ki, on minlərlə yəhudinin deportasiaysının və qətlinin məsuliyyəti məhz Fransa hökumətini üzərindədir. 

Lakin müharibədən sonra onilliklər boyunca Fransa hökuməti yəhudilərin deportasiyasında və ya hər hansı başqa bir dövlət fəaliyyətində fransız polisinin iştirakına görə üzr istəməkdən imtina edirdi.Lakin 16 iyul 1995-ci ildə Fransa Prezidenti Jak Şirak Fransanın öz keçmişi ilə bağlı həqiqətləri etiraf etmək məcburiyyətində qalmış və dövlətin alman işğalı ərzində yəhudilərə və digər qurbanlara qarşı edilən zülmdə oynadığı rolu təsdiqləmişdir.

Daha sonra bu hadisələrin 70-ci ildönümü zamanı, 22 iyul 2012-ci ildə Prezident Fransua Olland Vél d'Hiv deportasiyasına həsr olunan abidə qarşısında çıxış edərək, baş vermiş hadisələri soyqırım adlandırmış və bu hadisənin "Fransada, Fransa tərəfindən" həyata keçirildiyini, həmçinin bu deportasiyada iştirak edən fransız polislərinin Fransanın dəyərlərinə, prinsiplərinə və ideallarına qarşı olduğunu açıqlamışdır.

Əlbəttə, bütün bunlar o demək deyil ki, bütövlükdə Fransa xalqı bu cinayətlərə görə məsuliyyət daşıyır və şübhəsiz ki, Fransa xalqının faşizm üzrəndə qələbədə xidmətləri ilə bağlı kifayət qədər faktlar var. Belə ki, 1941-ci il iyunun 22-də faşist Almaniyasının SSRİ-yə hücumu ilə yeni bir müharibə başlandı. 

Bununla da beynəlxalq vəziyyət tamamilə dəyişdi və İkinci Dünya müharibəsi dövründə antifaşist hərəkatı özünün ən yüksək həddinə çatdı. 1941-ci il dekabr ayında Yaponiyanın ABŞ hərbi hava qüvvələrinin bazalarına zərbə endirməsi SSRİ-ABŞ-İngiltərə birliyininin yaranmasına böyük təsir göstərdi. Bu hadisə həmçinin işğal olunmuş ölkələrdə, o cümlədən Fransada müqavimət hərəkatının dirçəlişinə ciddi təsir göstərdi.

1943-cü ilin əvvəllərindən etibarən faşist Almaniyasına qarşı Fransada müqavimət hərəkatı yeni mərhələyə qədəm qoydu. 1944-cü ilin əvvəllərində Fransanın və o cümlədən bu ölkənin müqavimət hərəkatının gedişində çox mühüm hadisələr baş verdi.

1944-cü il avqustun 15-də 6-cı amerikan ordusunun hissələri cənubi Fransadan hərbi əməliyyatlara başlayır ki, bu ordu ilə yanaşı Fransa müqavimət qüvvələri də amerikan ordusuna qoşulur və bu hərbi əməliyyatlar müqavimət hərəkatını daha da gücləndirir və nəhayət, avqustun 25-də Paris alman işğalçılarından azad edilir.

Fransız tarxiçilərin də etiraf etdiyi kimi Fransa Müqavimət hərəkatının həlledici dövrü 1944-cü ilin sonu və İkinci Dünya müharibəsinin bitməsinə qədər olan mərhələdir.

1944-cü il iyunun 6-da ABŞ generalı D.Eyzenhauerin komandanlığı altında müttəfiq qoşunları Şimali Fransaya (Normandiyaya) desant çıxardı. Bununla da Avropada ikinci cəbhə açıldı. Müttəfiqlər həmin ilin sonuna kimi bütün Fransanı azad etdilər. Yəqin məhz elə bu faktlar da lap bu yaxınlarda ABŞ Prezidentinin mətbuat katibinin “ABŞ olmasa idi indi bütün Fransa alman dilində danışırdı” fikirini söyləməyə əsas verib.

Nəhayət may 8-də, sonradan təkrarən (Stalinin tələbi ilə) may ayının 9-da Vermaxt Ali Komandanlığının, Anti-Hitler koalisiyasının Qərb Müttəfiq Ali Komandanlığının və Sovet İttifaqının nümayəndələri tərəfindən Alman silahlı qüvvələrinin danışıqsız kapitulyasiyası aktı imzalanmışdır.

1945-ci ildə Almaniya təslim olanda Fransa da rəsmi olaraq “qalib dövlətlər” arasında olması da maraqlı, tarix baxımında diqqətiçəkən bir məqamdı. Axı, Fransa faktiki olaraq işğala məruz qalmış və təslim olmuşdu.

Bəs bunun səbəbi nə idi?

Xüsusilə nəzərə alsaq ki, ABŞ prezidenti Franklin Ruzvelt əvvəllər de Qollu bəzi şəxsi keyfiyyətlərinə görə qəbul etmir, onu demokratik və təvəzökar adam hesab etmirdi və onu dəstəkləməkdə maraqlı deyildi, həmçinin SSRİ-nin lideri Stalin də Fransanın müharibə dövründə təslim olduğu üçün, onun qalib statusunu ümumiyyətlə qəbul etmək istəmirdi.

Sözsüz ki, bu prosesdə Böyük Britaniaynın baş naziri Uinston Çörçillin rolu çox böyük idi, o, Fransanın qalib kimi iştirakının siyasi dəstəkçisi kimi çıxış edərək hesab edirdi ki, müharibə boyunca işğal altında qalmasına baxmayaraq, Avropanın gələcəyində Fransaya ehtiyac var, onun söz sahibi olması vacibdir.

Buna da digər iki lideri inandıra bilmişdi. Ədalət naminə bu prosesdə general de Qollun siyasi nüfuzunun və diplomatik uğurlarının təsiri olmamış deyildi. İstənilən halda nəticə olaraq Fransa Almaniyanın təslim aktının imzalanmasında “qalib dövlət” kimi iştirak hüququ qazandı, Almaniyanın ərzailərində işğal zonası əldə etdi, daha sonra BMT Təhlükəsizlik Şurasının daimi üzvü oldu və artıq bu gün isə faşizm üzərində “qalib dövlətlər” sırasında adı çəkilir.

Əminəm ki, İkinci Dünya müharibəsinin tarixinin Fransa rəhbərliyinin və məsul şəxslərinin təkrarlamasına ehtiyac var. (Cebheinfo.az)


Əhməd Abbasbəyli 
Siyasi şərhçi

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top