Hacıqabulda "Heydər Əliyev və Azərbaycan Konstitusiyası" adlı dəyirmi masa keçirildi — FOTOLAR

GÜNDƏM 08 may 2025, 17:03

8 may 2025-ci il tarixində “Konstitusiya və Suverenlik ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə Hacıqabul rayon İcra Hakimiyyəti və YAP Hacıqabul rayon təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan Konstitusiyası" adlı dəyirmi masa keçirildi.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə, ilk öncə Müasir və qüdrətli Azərbaycanın memarı, Yeni Azərbaycan Patrtiyasının banisi, müstəqil ölkəmizin Konstitusiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova tədbiri giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, Azərbaycan xalqının dahi oğlu, hər zaman Vətəninə və xalqına hədsiz məhəbbəti ilə seçilən Ulu Öndər Heydər Əliyev xalqımızın dövlətçilik şüurunun, müasir ictimai-siyasi fikrin ən bariz təcəssümüdür. Dahi şəxsiyyət və görkəmli siyasi xadim Heydər Əliyev ən uca missiyanı həyata keçirərək müasir, müstəqil Azərbaycan dövlətinin memarı olub və öz misilsiz fəaliyyəti ilə bütöv bir tarix yazıb. Ulu Öndərin həyatı və çoxsahəli fəaliyyəti tariximizin ən şanlı səhifələrindəndir. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmiz əsrlərə bərabər inkişaf yolu keçib.

Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək bildirdi ki, bütün mənalı ömrünü xalqına və dövlətinə xidmətə həsr edən Ulu Öndərin şəxsiyyətinin əzəməti, gördüyü işlərin vacibliyi və böyüklüyü zaman keçdikcə daha da dərindən dərk edilir. Azərbaycan xalqı hər zaman Heydər Əliyevin şəxsiyyətinə, onun ideyalarına, qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır. Məhz buna görə Ulu Öndərin irsini öyrənmək, təbliğ və tətbiq etmək qarşımızda duran vacib və aktuallığını itirməyən mühüm məsələdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb”.

Hacıqabul rayon Prokurorluğunun müstəntiqi Sevinc Abdulrəhmanlı, Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov, YAP fəalları Hacıqabul rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Terapiya Şöbəsinin müdiri Firuzə Bəşirova, şəhər 6 saylı tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Elnarə Rəhimova çıxış edərək qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Konstitusiyasının məramı, qaynaqları, mahiyyətinə aydınlıq gətirərək ölkənin Əsas Qanunu barədə belə demişdir: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali, icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.




















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top