Deputat: "Közərmə lampalarının qadağan olunması istehlakçılara fayda verəcək"

GÜNDƏM 03 may 2025, 18:41
"Dünyanın bir sıra ölkələrində müasir dövrün tələbləri və işıq texnikasının inkişaf prioritetləri nəzərə alınaraq, közərmə lampalarının istehsalı və satışına qadağa qoyulur. Buna səbəb onların aşağı enerji effektivliyinə malik olması və nəticədə böyük enerji sərfiyyatı ilə atmosferə daha çox istilik effekti yaradan qazların atılmasıdır. Ölkəmizə idxal olunan közərmə və LED lampalar üzrə aparılan araşdırma onu göstərir ki, közərmə lampaları üzrə azalma, LED lampaları üzrə isə artım kimi müsbət tendensiya müşahidə olunur".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. 

 Deputat bildirib ki, közərmə lampaları idxalda hələ də üstün həcmə malikdir:



"Bu qadağalar idxal həcmlərində və dəyərdə kəskin azalmalara gətirib çıxaracaq. Digər tərəfdən közərmə lampalarından imtina LED lampaların yerli istehsalçılarına da dəstək olacaq.Bu baxımdan közərmə lampalarının ölkəmizdə qadağan olunması həm istehlakçılara, həm də ölkə iqtisadiyyatına faydalar gətirməklə emissiyaların azaldılmasına və bununla Paris Sazişinə əsasən, Azərbaycan Respublikasının götürdüyü Milli Səviyyədə Müəyyən Edilmiş öhdəliklərin yerinə yetirilməsinə, eləcə də 2023-cü ildə Dubayda keçirilmiş COP28 zamanı ölkəmizin qoşulduğu “Bərpaolunan enerji mənbələri və enerji səmərəliliyi Qlobal Vədi”nə öz töhfəsini verəcək. Közərmə lampaları böyük enerji sərfiyyatına malikdir. Bu lampaların daha enerji səmərəli lampalarla əvəz edilməsi iqtisadi baxımından faydalıdır. Enerji səmərəliliyinin artması müəssisələrin və ev təsərrüfatlarının da xərclərini azaldacaq".

Qeyd edək ki, Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında Milli Məclisin aprelin 11-də qəbul etdiyi qanunu təsdiqləyib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top