Bakıda 35 yaşlı kişi arvadına xəsarət yetirdi —TƏFƏRRÜAT

HADİSƏ 29 aprel 2025, 12:16
Bakının Nizami rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə 28 noyabr 2024-cü ildə baş verib. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Rauf həmin gün, saat 20:40-də birlikdə yaşadıqları evin qonaq otağında qeyri-rəsmi ər-arvad münasibətində olduğu Səbinənin (adlar şərtidir – red.) ona spirtli içki qəbul etməsinə iradını bildirməsi səbəbindən aralarında ailə məişət zəminində yaranmış mübahisə zamanı qəsdən əli ilə onun bədəninin müxtəlif nahiyələrinə vurub. Ona ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib. 

Hadisəni törədən Raufun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rauf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, 2020-ci ildə Səbinə ilə ailə həyatı qurublar: 

“Bu evlilikdən bizim əkiz övladlarımız anadan oldu. Hadisə günü, saat 20:40-da yaşadığım evə  sərxoş vəziyyətdə gəldim. Evdə olarkən əkiz uşaqlarının ağladığını eşitdim. Bu zamanSəbinəyə uşaqları sakitləşdirməsini bildirdim. Lakin Səbinə isə mənə heç bir məhəl qoymayaraq uşaqları sakitləşdirmədi. Mən də  qonaq otağına keçərək Səbinəyə irad bildirdim ki, uşaqlar ağlayır. Bundan sonra qonaq otağında Səbinə ilə aramızda mübahisə baş verdi. Mübahisə zamanı əlim ilə Səbinənin saçından tutub onun bədən nahiyələrinə bir neçə dəfə zərbə endirdikdən sonra evdən getdim”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səbinənin sözlərinə görə, ailə həyatı qurduqdan sonra Rauf mütəmadi spirtli içki qəbul edərək onu döyüb, bədən xəsarətləri yetirib: 

“Bir dəfə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində Raufu bir daha məni döyməyəcəyinə söz verdiyinə görə bağışladım. Bundan sonra Rauf dəfələrlə evdə münaqişə yaratdı və məni döyərək bədən xəsarəti yetirdi. Lakin, mən bu barədə polisə müraciət etmədim”. 

Zərərçəkmiş qeyd edib ki, noyabrın 28-də, saat 20:40-da yaşadığı evin qonaq otağında olan zaman həyat yoldaşı Rauf evə sərxoş vəziyyətdə gəlib: 

“Bu zaman Raufa evə sərxoş vəziyyətdə gəlməsinə görə iradımı bildirdim. Həmin vaxtı Rauf məni və valideynlərimi söyüb təhqir etdi. Mən də Raufa cavab qaytardım. Bu zaman Rauf əli ilə bədənimin müxtəlif nahiyələrinə zərbələr vuraraq mənə bədən xəsarətləri yetirdi”. 

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Rauf 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil  yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top