"İnsanlar bu hadisələrə mənəvi, fiziki, psixoloji və praktik hazır olmalıdırlar" — Ekspert

GÜNDƏM 28 aprel 2025, 17:49
Ötən həftə İstanbulda 1 saat ərzində 4.9, 4.5, 4.8, 4.4, 6.2 və 3.9 bal gücündə 6 ardıcıl zəlzələ baş verib. Bu da yenidən insanlarda qorxu yaradıb. 

Bəs, belə hadisələr zamanı necə davranmalıyıq?

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, təbii fəlakətlərə, təbiət hadisələrinə, fövqaladə hadisələrə insanların mənəvi, fiziki, psixoloji və praktik olaraq hazır olması lazımdır:

“Bu cür hadisələr vaxtı nə etməli, necə davranmalı, hansı təhlükəsizlik qaydalarına əməl etməli olduğumuzu bilməliyik.  Yəni, hər bir şəxsin bu barədə məlumatlı olması, bu cür hadisələr vaxtı doğru-düzgün qərar verərək daha az zərərlə həmin situasiyadan çıxmasına səbəb ola bilər. Hansısa bir şəxs qapalı yerdə zəlzələ anına yaxalanıbsa, evdə öncədən təhlükəsiz yer müəyyənləşməlidir. Burada əsas məqsəd hər hansı bir daş, taxta, dəmir parçasından özümüzü qorumaqdır”.

Ekspert əlavə edib ki, ilk növbədə vəziyyəti qiymətləndirmək lazımdır:

“O vəziyyətə uyğun da prosesləri həyata keçirmək lazımdır. Görürük ki, hər şey qaydasındadırsa, yaxşı olar ki, evdə elektrik, su, qaz təsərrüfatı bağlansın. Liftdən istifadə etməmək şərtilə yaşayış binalarında evi tərk etmək lazımdır. Belə hadisələr zamanı müvafiq qurumların dediklərinə qulaq asmaq lazımdır. Hər bir evdə təhlükəsizlik çantası olmalıdır. Bu zaman uşaqları və yaşlıları diqqətdə saxlamaq lazımdır”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top