
Azərbaycanda medianın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycanın ağır günlərində dövlət quruculuğu, tərəqqi və inkişaf üçün gecə-gündüz çalışdığı bir zamanda həm də Azərbaycanın milli mətbuatının formalaşması üçün real addımlar atırdı. Hər zaman mediaya, jurnalistlərə diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin müstəqil medianın, peşəkar jurnalistlərin yetişməsində rolu danılmazdır.
Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı Fərmanla Azərbaycanda senzura ləğv olundu. Bu fərman mediada söz və fikir azadlığına 1-ci şəxsin baxışı, bu sahənin inkişafına dövlət başçısının birbaşa dəstəyi idi. Sürətlə inkişaf edən Azərbaycanda müstəqil medianın formalaşması, peşəkar jurnalistlərin yetişməsi üçün münbit şərait yaranmışdı. Məhz elə o dövrdə çoxsaylı özəl teleradio kompaniyaların, çap mediasının yaranması həm də bu sahəyə olan sevgini artırmışdı. Artıq jurnalist peşəsinə yiyələnmək istəyən hər kəs üçün çoxsaylı iş yerləri açılırdı, peşəkarlar isə yeni bir nəsil yetişdirirdi.
1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu, 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” medianın inkişafı istiqamətində görülən mühüm tədbirlərdən sayılır.
Heydər Əliyev siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyev 2003-cü ildə Prezident seçiləındən sonra Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil medianın inkişafında yeni bir dövr, yeni strateji baxış formalaşmağa başladı.
Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə “Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” təsdiq olundu.
Prezidentin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında 2010-cu il 22 iyul tarixli sərəncamı jurnalistlərin rifah halının yaxşılaşdırılmasına dövlətin diqqətinin göstəricisi idi.
Azərbaycanın Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında Qarabağda qazandığı qələbə Azərbaycan mediasını, jurnalistlərini səfərbər etmiş oldu. 44 günlük Zəfər tariximizdə qələbə xəbərlərini ilk olaraq Cənab Prezidentdən eşidib cəmiyyətə ötürməyimiz həssas dönəmdə xüsusi önəm və stimulverici amil idi.
Prezidentin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı.
Prezident İlham Əliyevin imzaladığı fərmandan irəli gələn tapşırıqların icrası ilə bağlı islahatlara start verildi.
“Media haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ilk dəfə olaraq, “media subyekti” və “jurnalist” terminlərinə anlayış verilib, bu fəaliyyətlə məşğul olan şəxslərin dairəsi dəqiqləşdirilib.
13 may 2022-ci il tarixində kütləvi informasiya məhsulları, kitablar və dərsliklərin ərsəyə gəlməsi üçün kağızın idxalı və satışı ƏDV-dən azad edildi.
2023-cü ilin yanvarın 1-dən ölkə mətbuatına vergi tətillərinin tətbiqi oldu.
Çap və onlayn media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, həmçinin onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi ƏDV-dən 3 il müddətinə azad olundu.
Müstəqil jurnalist fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad edilməsini şahidi olduq.
Prezidentin Qlobal Şuşa Forumunda iştirakı və Beynəlxalq media nümayəndələri ilə dialoqu xüsusi vurğulanmalıdır. Azərbaycanda media ilə bağlı keçirilən bu mötəbəır tədbirdə dövlət başçısının iştirakı Prezidentin söz, fikir və azad düşüncəyə verdiyi dəyər idi.
Biz hər zaman Prezidentimizdən diqqət və qayğı görmüşük. Bu dövlət başçısının xarici səfərlərdə, ölkə daxilində jurnalistlərlə söhbətlərində, media nümayəndələri ilə səmimi ünsiyyətində hər zaman özünü büruzə verib.
Prezidentin əlamətdar günlərdə jurnalistləri fəxri adlarla, medal və ordenlərlə təltif etməsi dövlət başçısının mediaya, azad sözə və fikrə, məlumat azadlığına verdiyi önəmin göstəricidir.
Bu gün Azərbaycanda fəaliyyət göstərən və günü-gündən artan televiziya kanalları, radiolar, kabel televiziyaları, gündəlik, həftəlik və aylıq qəzetlərin çap olunması, online medianın sürətlə artması, məhdudiyyətsiz internetin inkişafı, ölkədə sosial platformalardan hər kəsin rahat şəkildə istifadə edə bilməsi Cənab Prezidentin müstəqil, azad fikrə yanaşmasının, şəxsən dəstək verməsinin göstəricisidir.
Prezidentimiz dəfələrlə vurğulayıb ki, jurnalistlər mənim köməkçilərimdir. Bu fikir bizə özgüvən, güc verir. Bu fikir bizi azad, qorxmaz, mübariz edir. Prezidentimizə kömək etmək bizim üçün şərəfdir.
Hər birimiz də Prezidentimizin tövsiyyə etdiyi kimi Vətənə, dövlətə bağlı, dövlətçilik tərbiyəsi, peşəmizə sevgi ilə xidmətimizi davam etdirməyə borcluyuq.
Milli Mətbuatımızın ilk nümunəsi olan “Əkinçi” qəzetinin ənənələrinin qorunması, Həsən Bəy Zərdabi yolunun davam etdirilməsi, müstəqil mətbuatın inkişafı naminə mediaya, jurnalistlərə göstərdiyiniz diqqət və qayğıya, Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığınız Sərəncama görə sizə öz adımdan və “Ajans.az” kollektivi adından təşəkkür edirik Cənab Prezident.