Yeganə övladı şəhid olan Balaxanı neftçisinin ailəsində yenidən uşaq səsi gəlir — FOTOLAR

SOSİAL 27 aprel 2025, 11:25

“Balakahni Operating Company” LTD-nin əməkdaşı İlham Mikayılovun ailəsində 30 ildən sonra yenidən uşaq səsi gəlir. 

“Qafqazinfo” xəbər verir ki, həyat yoldaşı Nailə Mikayılova ilə birgə onlar beş il əvvəl yeganə övladları Rəşadı Vətən uğrunda qurban veriblər.

25 yaşlı Rəşad Mikayılzadə könüllü əsgər kimi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılıb. Füzuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə komandirini xilas edərkən snayperlə açılan atəş nəticəsində şəhid olub.

“Oğlum evin tək övladı idi. Çox şən və istiqanlı idi. Özü öz zəhməti ilə çalışıb işləyirdi. Həm ali təhsil almışdı, həm də ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə könüllü kimi qatılırdı. Bizə çox çətin olsa da, Nailə ilə həmişə başı uca gəzirdik, çünki hamı bizə “Rəşadın anası, atası” deyirdilər. Bu, bizim üçün böyük qürur idi,” deyərək İlham Mikayılov oğlunu yad edir. 

Artıq iki ildir İlham Mikayılov Balaxanı neftçilərinin komandasında çalışır. “Balakhani Operating Company” LTD-nin heyəti onun ikinci ailəsinə çevrilib. O, deyir: “Oğlum şəhidlik zirvəsinə ucalandan sonra evdə səs-küyün olmaması bizə çox pis təsir edirdi. İkinci övlad barədə düşünürdük, amma tərəddüd edirdik. İşdə mənə bununla bağlı, şirkətin prezidenti Rövşən Rzayev başda olmaqla mənəvi dayaq durdular, həm də maddi dəstək göstərdilər. Və bizim, Allaha çox şükr, yenidən övladımız dünyaya gəldi”.

Bir yaşını qeyd edən balaca Ayla qardaşının əziz xatirəsini həm də soyadında daşıyır- Ayla Rəşadlı. Dünyaya gəldikdən sonra valideynləri ilə ziyarət etdiyi ilk yer  Şəhidlər Xiyabanında qəhrəmanın məzarı idi. Onu görməsə də, Ayla hər səhər anası ilə evdə Rəşadın Vətən uğrunda döyüşlərdə qazandığı medalları, fəxrnamələri, diplomları və şəkilləri ilə bəzədilən güşəyə yaxınlaşıb öz körpə qığıltısı ilə onunla danışır. 

“Qızım olmazdan öncə gecələr gözümə yuxu getmirdi. İndi isə işdən evə tələsirəm ki, məni evdə Ayla gözləyir. O, evimizə bir işıq kimi doğdu, yaşamağımıza yeni səbəb verdi. 30 ildən sonra evimizdə yenidən uşaq səsi gəlir”, deyir İlham Mikayılov. 

Aylanın bir yaşını təbrik etmək üçün “Balakhani Operating Company LTD”-nin heyəti də gəlib. Mikayılovlar ailəsinin üzvləri artıq üç nəfər deyil, İlhamla bərabər çalışan yüzlərlə Balaxanı neftçiləridir. Qəhrəman Rəşad Mikayılzadənin bacısı Ayla Rəşadlının indi çox böyük ailəsi var.

 



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top