Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir — Ceyhun Bayramov

XARİCİ SİYASƏT 13 aprel 2025, 13:46
“Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymaqla iki ölkə arasında münasibətlərin normallaşması və Cənubi Qafqaza sülhün gəlməsi üçün fürsət yaranıb”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

O, rəsmi Bakının 2021-ci ildə İrəvana düşmənçilik səhifəsini bağlamağı təklif etdiyini və bu çağırışın təxminən bir il cavabsız qaldığını xatırladıb:

“2022-ci ilin ilk aylarında sülh razılığının beş əsas bəndini Ermənistana təqdim etdikdən sonra həmin ilin oktyabr ayında ölkələr arasında müzakirələr başlayıb. Sülh sazişinin ilk layihəsi də Azərbaycan tərəfindən yazılıb və Ermənistana təqdim edilib. Danışıqlar təxminən iki il yarım çəkib. Təxminən bir ay əvvəl müzakirələr başa çatıb və mətnlə bağlı razılıq əldə olunub. Danışıqlar davam edərkən biz Ermənistanı və prosesdə maraqlı olan digər ölkələri bu məsələlərlə bağlı məlumatlandırmışıq. Həll edilməli olan mühüm amillər mövcuddur. Bunlardan ən önəmlisi Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların yer almasıdır. Bu davam etdikcə sülh sazişinin imzalanması mümkün deyil. Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir”.

Nazir qeyd edib ki, Azərbaycanın daha bir şərti 1990-cı illərdə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlıdır:

“ATƏT-in Minsk Qrupu 30 ildir heç bir nəticə əldə etməyib. Artıq Qarabağ məsələsi həll olunub və bu ərazilər Azərbaycanın bir hissəsidir. Ermənistan da bunu qəbul edib. Belə olan halda Ermənistanın Minsk Qrupunun fəaliyyətini davam etdirmək üçün davamlı səyləri bizdə suallar doğurur. Biz israrla Minsk Qrupunun buraxılmasını tələb edirik və gözləyirik”. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top