“Adam açıq etiraf edirdi ki, dövlət çevrilişinin başında şəxsən özüm dayanmışam...”

XARİCİ SİYASƏT 13 aprel 2025, 17:53
Cənab Prezidentin ADA-dakı mükəmməl nitqinin əsas tərkib hissələrindən biri heç şübhəsiz ki, xarici dövlətlərin ölkəmizdə zaman-zaman gerçəkləşdirmək istədiyi çevriliş planları barədə söylədikləri idi...

Bəli. Biz uzun illər boyunca çox sadəlövh olmuşuq. Düşünmüşük, bəlli xətlər üzərindən vətəndaş cəmiyyətinə, partiyalara ayrılan pullar bəlkə həqiqətən də demokratiya, inkişaf, peşəkarlıq naminədir. Amma yox! Zaman göstərdi və sübut etdi ki, belə deyil və ölkəyə siyasi məqsədlərlə ötürülən nəinki hər dolların, hətta hər sentin belə üzərində missiya var, qara niyyət var, qorxunc məqsədlər var.

***

Proses 2003-də başladı və ilk öncə “X günü” ilə bağlı tezislər müxalifət mediasının gündəmini zəbt etdi.

Oturub rəqibin ölümünü gözləmək əlbət ki, vicdansızlıqdan da ötə bir şey, əsl siyasi əxlaqsızlıqdır. Fəqət, əks düşərgədəki hakimiyyət hərisləri bunu da gözə aldılar və İlham Əliyevin potensialını, gücünü hesablaya bilmədilər. Üstəlik, mövcud iqtidara qarşı zaman-zaman sərgilənən və bəzən tərbiyəsizlik həddinə qədər yüksələn mübarizənin – təbii, buna mübarizə demək mümkünsə - təməli də məhz onda qoyuldu!

Daha sonra 2005 dönəmi gəldi və “narıncıların” dalğası vüsət aldı.

Ukrayna və Gürcüstandakı hadisələrdən ilhamlananlar düşünürdülər, bənzər icraatı tez bir zamanda Bakıda da reallaşdıra biləcəklər. Ayrıca, nə qəribədir, bu dəfə əsas güc mərkəzləri və daxildə, xaricdə qərarlaşan yedəklər, funksionerlər artıq özlərini, məramlarını gizlətmirdilər. Məsələn, ABŞ-nin ölkəmizdəki səfiri Rino Harniş az qala açıq mətnlə deyirdi ki, inqilab ssenarisinin arxasında şəxsən mən dayanmışam. Üstəlik, adam özünü müxalifət partiyasının lideri kimi aparırdı, seçki təbliğatı ilə bağlı əsas və çox zaman ödənişli olan proqramların növbədənkənar iştirakçısı idi, bölgələrdə təşkil olunmuş mitinqlərdən tutmuş, təxribat nöqtələrinə qədər - hər yerdən boylanırdı, diplomatik protokolla ziddiyyət təşkil edən bütün hərəkətləri edirdi.

Paralel fonda isə...məlum çevriliş ssenarisinə daxil olan, əvvəldən hazırlanan və minimum 1 il öncədən seçicilərlə iş aparmaq üçün dairələrə yönləndirilən “namizədlər” görəv başına keçmişdilər. Və nə təəssüf, onların arasında dövlətin, hakimiyyətin öz içindən çıxan insanlar da vardı. Daha konkret desəm: nəzərdə tutulan heyət sadəcə narıncı köynəklilərlə deyil, həm də bəzi məmur köynəklilərlə tamamlanırdı.

Hələ ortalıqda başqa nələr vardı, nələr...

İcra başçılarına bir-bir göndərilmiş şantaj məktubları... mitinqləri şişirtmək, meydanları doldurmaq üçün rayonlardan üzü Bakıya şütüyən pulsuz “İkarus”lar....avtovağzal həndəvərində ödənişsiz naharlar...insanlara paylanan havayı libaslar, papaqlar, şərflər....

Adam bilmir, hansını qoyub, hansını danışsın...

***

Sonrakı mərhələdə təbii proseslərdən dolayı mexanizm tam dəyişdi. Üstəlik, bir tək mexanizm deyil, həm də rollar, obrazlar, metodlar, “tamaşa səhnələri”.

Çün, artıq “yaramaz çevrimçilər” bütün resurslarını internetə yönəltmiş, tamamən sosial şəbəkələrə fokuslanmışdılar. Və bir baxdıq ki, həmin şəbəkələr üzərindən “pırıl-pırıl” trollar, bloggerlər, araşdırmaçı (oxu: qarışdırmaçı) jurnalistlər, klaviş qəhrəmanları, söyüş xiridarları yetişir. Özü də sürətlə.

Dəyişməyən bir tək bilirsinizmi nə oldu?!

Dövlətin və dövlətçiliyin əsas sütunlarına yönəlmiş həmlələr...

Həmin sütunları dayanmadan, var gücləri ilə vurdular! Riyakarcasına vurdular! Yaramazcasına, vəhşicəsinə, namərdcəsinə vurdular!

Fəqət, təməl çox möhkəm idi deyə, bata bilmədilər.

Bu naqislərin baltalarının ucu qırıldı, amma millətin iradəsi qırılmadı.

Azərbaycan xalqı öz ləyaqətli Liderini qorumağı bacardı!

Hətta həmin balta sapına bəzi eks-məmurları, səfirləri, “Akkord”un keçmiş – şizofren müdirini, erməni lobbisinin pulu ilə bəslənən və Şuşanın işğaldan azad olunmasını öz təqvimlərinə “matəm günü” kimi qeyd edən radikal müxalifəti belə caladılar, cilaladılar, pərçimlədilər, yenə alınmadı.

***

Bəzən mənə sual edirlər ki, bu hakimiyyətin özü xəyanətdən və xəyanətkarlardan sığortalanıbmı?!

Xeyr, mənim əzizlərim. Mümkün deyil. Sığortalanmayıb.

Əgər kimsə adını üzdə siyasətçi qoyub, daldada dovşan kimi gizlənirsə, Prezidenti və onun ailəsini, Azərbaycan polisini, ölkənin ən ləyaqətli adamlarını müdafiə etməkdən qorxursa, çəkinirsə - sığortalanmayıb!

Əgər kimsə pıçıltı ilə qulağıma: “Mirşahin elə bil dozanı artıq elədi...” deyirsə, Mirşahin kimi nəhəngin, əsl peşəkarın, söz və ürək adamının düşmənlə necə və hansı fədakarlıqla vuruşduğunu görmürsə, “söyüş müxalifətinin” Mirşahinə həsr etdiyi verilişlərin Mirşahin olmasaydı kimə və kimlərə həsr olunacağını anlamırsa – sığortalanmayıb!

Əgər kimsə hər yazımızdan sonra zəng edib, bol-bol tərif yağdırıb, 2 saat sonra hansısa nazirin, icra başçısının yanında qaramızca, arxamızca danışırsa – sığortalanmayıb!

***

Yolumuz Heydər Əliyev yoludur...

Və bu yolda şərəfi ilə, açıq alnı ilə yürüyən nə qədər insan varsa, hər birinin qarşısında baş əyirəm!


Elşən Musayev,
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top