Sabunçuda keçmiş arvadını döyən kişiyə cəza verildi

KRİMİNAL 11 aprel 2025, 16:13
Bakının Sabunçu rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 17-də baş verib. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Ülfət həmin gün saat 16 radələrində yaşadıqları fərdi evlərinin qonaq otağında keçmiş həyat yoldaşı Zəminənin onunla kobud danışması səbəbindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə onun qol nahiyəsindən bir dəfə vurub. 

Hadisəni törədən Ülfətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ülfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 21 ildən çoxdur Zəminə ilə ailə həyatı qurub, bu nikahdan 3 övladı olub: “Aramızda mütəmadi olaraq mübahisələr baş verdiyindən bir neçə il öncə boşansaq da, birlikdə yaşamağa davam etmişik. Hadisə günü günorta saatlarında spirtli içki qəbul etdikdən sonra evə getdim. Həmin gün təxminən saat 16 radələrində yaşadığımız evin qonaq otağında olarkən paltarımı dəyişmək üçün Zəminədən paltarımı gətirməsini istədim. Bundan sonra Zəminə ev paltarımı gətirdikdə isə ona səhv paltar gətirdiyini dedim, narazılıq etdim. Həmin zaman bunun qarşılığında isə Zəminə kobud cavab verdikdə aramızda mübahisə yarandı. Mübahisə zamanı isə qəzəblənərək qəsdən əlim ilə onun sol qol nahiyyəsindən zərbə vurdum. Daha sonra isə Zəminə hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verərək evdən getdi”. 

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ülfət 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. 

Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 aprel 2025, 09:27
Top